30 aprel 2024 10:46
299

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir

Azad olunmuş ərazilərin bərpası üçün investisiyaların cəlb edilməsi, coğrafi baxımdan yaxın dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və ölkənin dünya siyasətində əhəmiyyətinin artırılması prioritet istiqamətlərdir. Bu vəzifələrin yerinə yetirilməsində Mərkəzi Asiyanın türkdilli dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Türkmənistan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı əlaqələrin daha da dərinləşməsi mühüm rol oynayır. Azərbaycanın Mərkəzi Asiya dövlətlərinə münasibətdə xarici siyasəti müstəqillik əldə etdikdən sonra formalaşmağa başlamışdı. Bakı xüsusən də son illər bu dövlətlərlə əməkdaşlığın inkişafına yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirir. Ölkəmizin bu regionun dövlətləri ilə əlaqələrini səciyyələndirən Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri birləşdirir. Ümumi mədəni köklər dövlətlərarası münasibətlər üçün möhkəm təməldir. Dövlət başçısının sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir, bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər.

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 2024-cü ilin 24-25 aprel tarixlərində Azərbaycana reallaşan dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.  Bu səfərlə mədəniyyət, soykökü və tarixi baxımdan iki yaxın ölkənin əməkdaşlığının genişləndirilməsində həqiqətən də yeni səhifə açılıb. Bu barədə Bakı və Bişkek münasibətlərinin inkişafında baş verən son hadisələri analiz edərkən konkret fikir söyləmək olar. Qeyd etmək lazımdır ki, səfərin gündəliyi kifayət qədər geniş və zəngin idi. İlk növbədə Dövlətlərarası Şuranın ikinci iclasının uğurla keçməsi təqdirə layiq idi. Tərəflər arasında imzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi, görünür, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin inkişafının maraqlarına xidmət edəcək. Azərbaycan və Qırğızıstan Respublikaları arasında yaradılmış Dövlətlərarası Şuranın ikinci iclasında qarşıya qoyulan məsələlərin həll edilməsi və görüləcək işlərin müzakirəsi zamanı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq. Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiya qoyuluşu məsələləri də yeni mərhələyə qədəm qoymuşdur. Hər iki dövlət irimiqyaslı nəqliyyat və dəmir yolu infrastruktur layihələri reallaşdırıb ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfələr verəcək. 2023-cü ilin sonunda Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 6 dəfədən çox artaraq 65 milyon dollara çatıb.

Xüsusilə Qırğızıstan qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə də imzalandı. Nizamnamə fondunun 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırılması qərara alındı. Prezident İlham Əliyev mətbuata açıqlamasında 100 milyon dolların da son hədd olmadığını diqqətə çatdıraraq əlavə etdi ki, hər iki ölkə müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdilər.  Humanitar və mədəniyyət sahələrində də iki qardaş dövlət arasında əlaqələr möhkəmləndirilir. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin Bakıda açılış mərasimi baş tutdu və hər iki ölkənin Prezidentləri açılış mərasimində iştirak etdilər. Azərbaycan və Qırğızıstanın dostluq və qardaşlıq münasibətləri Türk dünyası birliyinin nümunəsidir. Beləliklə, Azərbaycan və Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq mövqe var. Prezidentlərin mətbuata verdiyi bəyanatda investisiya siyasəti üzrə digər formalara da müraciət olunacağı bildirilib. Bu mənada artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirilməsi isə qardaş dəstəyinin əyani təzahürüdür.

Ölkə başçımız Türkdilli Dövlətlərin birləşməsində misilsiz xidmətlər göstərir və Türk Dövlətləri təşkilatının yaradılması ideyasının müəllifidir. Ortaq dinə, mədəniyyətə, eyni tarixi köklərə mənsub Türkdilli Dövlətləri özündə birləşdirən Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək. Bu baxımdan Qırğızıstanla əlaqələr həm də ölkəmizin Türk Dövlətləri Təşkilatındakı mövqeyi və qarşıya qoyduğu hədəflərlə birbaşa bağlıdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri