30 aprel 2024 16:15
260

Fransada islamofobiya baş alıb gedir - Rolan Lafitte

Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransin “Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər. 

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb

 

“İki sahil” xəbər verir ki, onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. İnkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Hətta müxtəlif fransız yazıçıları irqçiliklə bağlı fikirlər səsləndiriblər.

Qeyd edilib ki, assimilyasiya müstəmləkəçiliyin bir növüdür. “Assimilyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doqmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəçiliyindən, mədəni təmsilçiliyindən xilas olmaq deməkdir. Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu, həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyiriksə, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir”, - deyə Martinika Assambleyasının deputatı, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol söyləyib. O deyib ki, assimilyasiya anlayışı təkcə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir. “Şübhəsiz ki, əsrlər boyu bu ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar. Burada əsas məsələ insanları və dünyanı dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır”, - deyə F. Karol bildirib.

Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlardan, onların polis tərəfindən əsasız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Müsəlmanlara qarşı olan qərəzdən danışan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çərçivəsində kənara çıxıb və siyasi-media sahəsində adi hala çevrilib. O, ölkəsində baş alıb gedən islamofobiyanın narahatlıq doğurduğunu vurğulayıb.

Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl məqsədlərindən danışıb. Bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.

“Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi Qvadelupanın hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ilə avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N. Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.