18 yanvar 2018 00:44
1077

Azərbaycan və Bolqarıstan daha hansı sahələrdə əməkdaşlıq edə bilər?

Xəbər verildiyi kimi,  Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov bu günlərdə ölkəmizdə işgüzar səfərdə olub. Təsadüfi deyil ki, ötən ilin oktyabr ayında bu ölkənin Prezidenti Rumen Radev də Bakıda səfərdə olmuşdu. Eyni zamanda, o, yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib və söhbət zamanı Prezident Rumen Radev Azərbaycan Prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib.

Söhbət ondan gedir ki, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan qazının alıcılarından biri olacaq Bolqarıstan ölkəmizlə energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. Eyni zamanda, bu ölkə SOCAR-ı qazlaşdırma ilə bağlı investor kimi  cəlb etməyə çalışır. Bunun müqabilində Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovla mətbuata bəyanatlarla çıxış edərkən Bolqarıstanda  qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyətinin həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola biləcəyini,  müvafiq göstərişlərin  verildiyini bildirib.

Qeyd etmək lazımdır ki, bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyi  planlaşdırılıb. Hazırda bu ölkədə qazlaşdırmanın səviyyəsi cəmi 3 faizdir. Bu mənada iyun ayında Yunanıstanda interkonnektorun tikintisinin başlayacağına və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcəyinə ümid edən Baş nazir Azərbaycan qazının sərfəli qiymətlərlə əldə etməklə  ölkəsinin sosial cəhətdən zəif təbəqəsi üçün təbii qazın təchizatını təmin etməyi planlaşdırır.

İki ölkənin qarşısında duran əsas məsələlərdən biri də ölkələr arasındakı  ticarət dövriyyəsinin həcminin artırılmasıdır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il bu ölkəyə həyata keçirilən ixracın dəyəri 153,31 min dollar, idxal isə 37 milyon 274,74 min dollar olub ki, bu da qənaətbəxş hesab edilmir. Lakin bununla bağlı müvafiq göstərişlər verilib  və qısa müddət ərzində ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılacağı gözlənilir.  Buraya eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu üçün   imkanların nəzərdən keçirilməsi də aiddir.  

Hazırda iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcək Bakı-Sofiya marşrutu ilə uçuşlara start verilib. Bununla da Sofiya Avropa İttifaqında Azərbaycanın ilk loukosteri “Buta Airways”ın birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhərdir. Eyni zamanda, Bolqarıstan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə də maraqlanır  ki, bu da ölkə üçün Azərbaycanla bərabər, Qazaxıstan və  Çinlə də əlaqə deməkdir. Bununla da kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatının digər sahələrini də inkişaf etdirməyə çalışan Bolqarıstan yeni ixrac imkanları qazanmaq, turizm potensialını daha da geniş mənada reallaşdırmaq fürsəti əldə etmiş olur.

Bəyanatında Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı və  iqtisadiyyatın digər sahələrində istehsal olunan məhsulların ixracının həyata keçirildiyini xatırladan Baş nazir  Azərbaycan qazının Bolqarıstana təchizatının baş tutacağı təqdirdə əmtəə mübadiləsini tarazlaşdıra biləcəklərini də vurğulayıb. Bu isə Bolqarıstanın Azərbaycana məhsul ixrac etmək imkanlarından xəbər verir. Lakin məsələ burasındadır ki, Azərbaycan qeyri-neft sektorunun inkişafına böyük önəm verir və müxtəlif vasitələrlə idxalı azaltmağı, yerli istehsalı artırmağı qarşıya məqsəd qoyub. 

Ümumilikdə hər iki ölkə iqtisadiyyatının spesifik cəhətlərinə nəzər salanda aydın olur ki, Bolqarıstan Azərbaycanın kənd təsərrüfatının inkişafına, eyni zamanda, bu sahədə, xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycanda əczaçılıq məhsullarının  istehsalının təşkilinə öz töhfəsini verə bilər. Bundan başqa, bu ölkənin turizm sahəsində əldə etdiyi təcrübədən də yararlanmaq olar.

Həmçinin energetika sahəsindəki yüksək texnoloji imkanları sayəsində Azərbaycan ilkin mərhələdə Bolqarıstanda məişət sektorunun qazlaşdırılmasında, eləcə də Bolqarıstanın yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında əhəmiyyətli rol oynaya bilər.

Azərbaycan və Bolqarıstan yerləşdikləri   regionda strateji mövqeyə malikdirlər və  bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etmək iki ölkə arasında əlaqələri daha da genişləndirə bilər. Qeyd etmək lazımdır iki ölkənin siyasi əlaqələri ən yüksək səviyyədədir. Hazırda əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm və digər sahələrdə əməkdaşlığa əsaslanır.

Bolqarıstan 2004-cü ildən NATO-nun, 2007-ci ildən isə Avropa İttifaqının üzvüdür. Bu ölkə eyni zamanda, bu il Avropa İttifaqına sədrlik edir. Güman etmək olar ki, bu amil Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacaq. Bundan başqa, Baş nazir viza rejiminin sadələşdirilməsinin əlaqələrin genişləndirilməsinə töhfə verə biləcəyini də qeyd edib: “Mən öz üzərimə məsuliyyət götürərək, Avropa İttifaqındakı həmkarlarımla Ukrayna, Gürcüstan və Moldova ilə viza rejiminin asanlaşdırılmasını müzakirə etdim. Düşünürəm ki, biz bu istiqamətdə rahat fəaliyyət göstərə bilərik. Mən bunu etməyə çalışa bilərəm. Amma bu, Avropa İttifaqındakı əsas həmkarlarımdan da asılıdır.”

Ceyhun Piriyev, “İki sahil”