18 yanvar 2018 00:28
1234

Tariximizin qanla yazılan şərəfli səhifəsi

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci  ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qanlı faciədən bəhs edən film nümayiş olunub.

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. Söyləyib ki, qanlı 20 Yanvar faciəsindən 28 il keçir: “Xalqın milli oyanış tarixinin qanlı, həm də olduqca şanlı bir səhifəsi olan bu faciə heç vaxt unudulmayacaq. Hər il respublikamızda 20 Yanvarın Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir”.

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Rafiq Məmmədov geniş məruzə ilə çıxış edib. Bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir: “Amma həmin gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının qəhrəmanlıq günü kimi daxil oldu. Xalqımız 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, həmin gecə tarixən qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi”.

YAP Yevlax rayon təşkilatı İdarə Heyətinin üzvü Rafiq Əliyev çıxış edərək bildirib ki, tariximizi təbliğ etmək şərəf borcumuzdur. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsinin yeni nəslin milli ruhda tərbiyə olunmasında rolu böyükdür.

Sonra 20 Yanvar faciəsinin iştirakçısı Cahid Nəbiyev və Fəridə Həsənova o qanlı-qadalı yanvar gecəsində şahidi olduqları hadisələrdən danışıblar. Onlar da 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndiriblər. Tədbir iştirakçılarına YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən bukletlər paylanıb.

Cavid Əkbərov, “İki sahil”