01 may 2024 00:11
375

“Milli Şura”nın mövsümi “fəallığının” eybəcər nümunəsi

Yaz yorğunluğu radikal müxalifət funksionerlərini major depressiv pozuntuya düçar edib

İlin dörd fəslindən biri olan yaz Şimal yarımkürəsində mart ayından iyun ayına qədər davam edir. Yazda havalar istiləşir, ağaclar çiçək açır.  Baharın gəlişi təbiəti canlandırdığı kimi, insanlarda da xoş əhval-ruhiyyə, sevinc hissi yaradır.

Bu yazda hamımız nikbin, xoş ovqata köklənmişik. Qarabağımız düşmən tapdağından azad edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olunub.  Bu bahar sevincimizin  üzərinə yeni sevinc əlavə olundu. Çünki Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması prosesinə başlandı. Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı, Ermənistanla Azərbaycan arasında sərhəd dirəkləri quraşdırıldı və.s. Bütün bunlar xalqımız, dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələlərdir.

Yaz mövsümündə xalq arasında Qırx İkinci adı verilən leysan yağışları da başlayır. Bu yağışlar əkinçilərə zərər verdiyi kimi, insanlar üzərində də sağlamlıq baxımından mənfi təsirli ola bilər. Yorğunluq, halsızlıq, bəzi hallarda depressiya yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu da deyilir.

Bahar mövsümünün insanlarla bağlı bəzi mənfi təsirlərini təsadüfən xatırlamadıq. Son günlər başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifət düşərgəsinin funksinerlərinin sosial şəbəkə seqmentlərindəki fəaliyyətinə diqqət etdikdə bir daha əmin olduq ki, yaz yorğunluğu bu zümrədəkiləri major depressiv pozuntuya düçar edib. Son günlər AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlının, Ayaz Məhərrəmlinin, AXCP Ali Məslisinin sədri Nurəddin Məmmədlinin, eləcə də partiyanın funksionerlərindən olan İlham Hüseynin, Aqil Əli Məhərrəmlinin sosial şəbəkələrdə israrla mitinqlərlə bağlı çağırışları deiyilənləri bir daha təsdiq edir.

Gəlin radikal müxalifət təmsilçiləri və depressiya ilə əlaqədar bu deyilənləri qəribçiliyə salmayaq. AXCP sədrinin və onun ətrafındakılarının  sosial bazası, tutarlı dəstəkçisi olamayan “Milli Şura”nın “5 may mitinqi” ilə bağlı sosial şəbəkələrdəki pafoslu çıxışları, “təmtəraqlı” statusları Ə.Kərimlinin müvəqqəti mövsümi fəallığının eybəcər nümunəsidir. Çünki radikal müxalifət düşərgəsində mitinq tələb edənlərin hamısı məhz Ə.Kərimlinin sifarişlərini yerinə yetirirlər. AXCP sədri özü isə xaricdəki ağalarının, qrant fondlarının tapşırıqlarını icra edir. Heç kimə də sirr deyil ki, “Milli Şura” adlı antimilli qurumun mitinqlərinin əsas ilhamvericisi də məhz, necə deyərlər, “İşarəni Qərbdən gözləyin” prinsipi ilə hərəkət edən ”Ə.Kərimli və onun rəhbərlik etdiyi AXCP-dir. AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədlinin sosial şəbəkələrdə mitinqlə bağlı statusu bu inkaredilməz həqiqəti bir daha ortaya çıxarır. N.Məmmədli yazır: “AXCP “Milli Şura”nın təyin etdiyi mitinqin əsas təşkilatçısı kimi hazırlıq işlərini davam etdirir. Bütün rayon şöbələrimizdə canlı və onlayn toplantılar keçirilir. Xalqımızla hərtərəfli ünsiyyət qurmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirik. Təşkilatı məsələlərin də qüsursuz olaraq reallaşdırılmasına çalışırıq. Bütün soydaşlarımızı 5 may mitinqinə qatılmağa dəvət edirik”.

Həqiqət ondan ibarətdir ki, Ə.Kərimlinin və ətrafındakı səbatsız, riyakar dəstənin israrlı mitinq çağırışları cəmiyyətimiz tərəfindən rədd edilir. Çünki vətəndaşlarımız şəhidlərimizin qanı və canı bahasına ərazi bütövlüyü, suverenliyi  tamamilə bərpa olunan ölkəmizdə sabitliyin, əmin-amanlığın pozulmasını, xaos və anarxiyanın hökm sürməsini istəyən qüvvələrin məkrli niyyətlərini, əsl simalarını yaxşı bilir. Hamımız  iddiaları ilə imkanları arasında yerlə-göy qədər fərq olan, real bacarığa və dövlətçilik təcrübəsinə malik olmayan, şəxsi ambisiyaları naminə milli maraqları hər an qurban verməyə hazır olan  bu qaragüruhçuların mitinq çağırışlarını hansı səmtdən əsən küləklərin gətirdiyini əməlli-başlı anlayır və dərk edirik. Bu səbəbdən də onların mitinq çağırışlarının yenə də iflasa uğrayacağı bəri başdan bəllidir...

Zahid Rza, “İki sahil”