02 may 2024 14:20
406

Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları

Bu gün hər birimiz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı böyük bir ailənin üzvüyük və qloballaşma prosesi  hər birimizi ümumi məkanın sakinlərinə çeviribdir.  Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normaları, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir.  Bu prinsip və normalara əməl olunmadıqda düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr  baş verir. Və əfsuslar olsun ki,  bu qarşıdurmaların sayı azalmır, əksinə artır.

Son illərdə Azərbaycanda  mədəniyyətlərarası və sivilizasiyalararası  məsələlərə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilir. Elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda  daha təhlükəsiz, daha ədalətli dünya üçün   təkliflər hazırlanıb təbliğ edilir. Qeyd etmək istərdim ki, belə konfransların respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunmuşdur. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənmiş, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artmışdır. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynamış və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilmişdir. Bu, parlaq düşünülmüş və həyata keçirilmiş strategiya idi. Bakıda  öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunu təsdiqləmək üçün daha bir imkan yaratdı. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya toplaşmışlar.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu, mühüm çağırışlar etdi.  Dialoq bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi  əqidə daşıyıcısı olan insanların ictimai  bütövlüyünün zəruri şərtidir.  Və bu münasibət  vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmişlər. Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərti ilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə insanlar əmin-amanlıq şəraitində yaşamış və bu gündə yaşamaqda davam edirlər.   Bu yanaşma həm də dövlət siyasətinin tərkib hissəsidir. Elə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də bu məsələyə münasibət bildirərək demişdir: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır”. Forumda bu məsələyə diqqət çəkən ölkə başçısı bildirdi ki, “Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir”.  Müstəqil respublikamızın ilk dövrlərində dini ənənələrimizin bərpası və möhkəmləndirilməsi, Azərbaycan dövlətinin din siyasətinin qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılmış, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olmuşdur. Bu müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir və zənginləşdirilir.

Məlumdur ki, XX əsrdə bəşəriyyətin elmi-texniki, sosial-iqtisadi, ictimai-siyasi, incəsənət və mədəniyyət sahəsində əldə etdiyi uğurlar, onun bütün tarix boyu əldə etdiyi nailiyyətlərdən qat-qat yüksək olmuşdur. Lakin bu uğurlar bəzən insanların rahat, sülh şəraitində yaşamasına maneə yaradır.    Üçüncü minillikdə bəşəriyyətin qarşısında duran mühüm məsələlərdən biri də  baş verə  biləcək mümkün münaqişələrin qarşısının alınması və onun həllinin optimal variantının tapılmasıdır. Qeyd etmək lazımdır ki, dinlərarası və mədəniyyətlərarası dialoq əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq kəsb edən qlobal problemlərdən biridir. Hazırki şəraitdə mədəniyyətlərarası dialoq zərurətinin əsas səbəblərindən biri planetdə kütləvi qırğın (nüvə və s.) silahlarının həcminin çoxalması, peyvənd millətçiliyi, neokolonializm, ayrı-seçkilik, müxtəlif regionlarda terror hadisələrinin baş verməsi, planetdə qlobal ekoloji gərginliyin artması, infeksion xəstəliklər, pandemiya, təbii fəlakətlərin çoxalması və s. ilə şərtlənir. Prezident İlham Əliyev bu  məsələləri xüsusi olaraq qeyd edərək, forumun müzakirə gündəliyinə öz yanaşmasını çatdırdı. Dünya siyasi reallığı qəbul etməlidir: “Bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz”.  Pandemiya bütün ölkələrə təsir göstərdi, lakin burada da ayrı-seçkilik özünü göstərdi: “Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı”. Hər bir insanın, etnosun, xalqın azad və müstəqil yaşamaq hüququ var və bu onun fundamental haqqıdır. Bu məsələyə toxunan ölkə başçımız bildirdi ki, “ digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik. Çünki onlar öz hüquqlarını müdafiə etmək, müstəqilliyə qovuşmaq, öz mədəniyyətlərini, öz dillərini qorumaq istəyirlər. Bu, elə bir məsələdir ki, hesab edirəm hər bir normal insan məhz bu hüququ müdafiə edər. Bir sözlə, bu, çox vacib məsələdir. Bu, həmçinin mədəniyyətlərarası dialoq üçün vacibdir. Biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik. Yaxud da ki, əgər görürüksə ikili standartlar nümayiş etdirilir, biz buna göz yuma bilmərik. Əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, siz dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil”. Ona görə də Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Bütün bunlar reallıqdır. Cənab İlham Əliyev bu həqiqətləri  səsləndirməklə yanaşı,  həm də ikili standartlara qarşı mübarizə aparmağın yollarını, üsullarını da göstərdi.

Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.  Azərbaycan da bu  məsələyə  çox fəal qoşulmuşdur.  "Yaşıl iqtisadiyyat", “Yaşıl əmək” konsepsiyalarına keçid, bərpaolunan enerji və bir sıra digər layihələr buna misaldır.  Forumda çıxışı zamanı  Azərbaycanın COP29-a ev sahibliyi  etməsini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”.

Prezident Əliyev konfrans iştirakçılarına Azərbaycanın müharibə yolu ilə sülhə nail olmağa məcbur olduğunu da xatırlatdı: “BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik”. Azərbaycan  öz ərazisində separatizmi məhv edən ilk ölkədir, ləyaqətlə mübarizə apardı, erməni işğalına son qoydu, ədaləti bərpa etdi. Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması üçün  bütün imkanlardan istifadə edir.  Məhz rəsmi Bakı  Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı. İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır.

Prezident İlham  Əliyev onu da qeyd etdi ki, ölkəmizə qarşı əsassız siyasi hücumlara baxmayaraq, Azərbaycan hələ də sülh təklif edir. O, hazırda müsbət tendensiyaların müşahidə olunduğunu əlavə edib və misal çəkib: “İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil”.

Ölkə başçısı   bir daha qeyd etdi ki, biz bölgədə sülhün təmin olunması üçün  çalışırıq və bu prosesə maneə olmaq istəyənlərə də öz mesajını verdi: “ Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

Ümumiyyətlə, qeyd etmək olar ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun platforması  tək bölgəmiz üçün deyil, bütün dünya üçün  yeni reallığa əsaslanan,  ayrı-seçkilikdən, ikili standartlardan uzaq,  sülh, sabitlik və  ədalətli əməkdaşlıq   erasına keçmək üçün başlanğıcdır.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor