06 may 2024 10:00
396

Erməni qriqorian kilsəsi sülhə meydan oxuyur - ŞƏRH

Azərbaycanın 44 günlük Vətən müharibəsində, eləcə də 23 saatlıq antiterror tədbirləri zamanı qazandığı ardıcıl zəfərlər sayəsində Cənubi Qafqazda yeni reallıqlar yarandı. Həmçinin yeni situasiya   özü ilə bərabər bir çox reallıqları da diktə etməyə başladı və bu istiqamətdə müəyyən addımlar atıldı. Məsələn, 2024-cü il aprelin 19-da heç bir vasitəçi olmadan Qazaxın Ermənistan tərəfindən işğal olunmuş  4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı), heç bir güllə atılmadan, itki verilmədən Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. Artıq 1991-ci il Almatı Bəyannaməsinə  istinadən bu istiqamətdə delimitasiya və demarkasiya prosesi öz axarı ilə  gedir. 

Amma Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın icrasına mane olmaq üçün var gücü ilə çalışırlar. Çox narahatlıq doğuran haldır ki, həmin proseslərdə erməni qriqorian kilsəsinin dini xadimləri baş rolda çıxış edir.  Din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər. Yeri gəlmişkən qeyd edək ki,  bu gün bu məsələdə bütün ermənilərin katolikosu 2-ci Qaregin, həmçinin Tavuş yeparxiyasının lideri, eyni zamanda, iş adamı Baqrat Qalstanyan (Srbazan) daha çox fəallıq göstərir. Hətta onlar Xocalı cəlladları, Ermənistanın sabiq prezidentləri - Serjik Sarkisyanla, Robert Köçaryanla, eləcə də sabiq müdafiə naziri Seyran Ohanyanlı “işbirliyi” quraraq Tavuşun dörd kəndinin sakinlərinin hakimiyyətə qarşı qaldırmağa, daha doğrusu, Paşinyanın istefa tələbini İrəvana keçirməyə, əsas mübarizəni paytaxt küçələrində aparılmağa cəhdlər edirlər. Bu məqsədlə revanşistləri də öz ətraflarına toplayırlar. Bununla da hazırda iki ölkə arasında yaranmış sülh cücərtilərinə xələl gətirməyə cəhdlər olunur. Yəni, kilsə Ermənistan daxilində revanşistləri Azərbaycan əleyhinə qaldırmaq məqsədilə dəridən-qabıqdan çıxır. Yeri gəlmişkən, Baqrat Srbazan rəhbərlik etdiyi dəstəsinin mayın 9-da günortadan sonra İrəvana çatacağını və hökumətə konkret tələblər təqdim edəcəyini açıqlayıb.

Tarixi faktlar sübut edir ki, erməni və Azərbaycan xalqları arasında münasibətlərin pozulmasında erməni apostol kilsəsinin müstəsna rolu vardır. Təkcə bir faktı xatırladaq ki, azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə əsrlər boyu xalqımıza nifrət sərgiləmiş Erməni Qriqorian Kilsəsi xüsusi fəallıq nümayiş etdirmişdir. 

Bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi, Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir.  Bu mətləblərdən ən önəmlisi isə şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsini, iki ölkə arasında münasibətlərin normallaşmasını “xəyanət” kimi qələmə verən kilsənin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını istəməməsidir. Hətta  sülh danışıqlarına önəm verdiyinə görə kilsə ilə baş nazir Nikol Paşinyan arasındakı qarşıdurma artıq düşmənçilik səviyyəsinə çatıb. Yeri gəlmişkən, Ermənistanın işğalında olan 8 kəndimizin azad edilərək geri qaytarılması məsələsi gündəmə gələndə də  kilsə birmənalı olaraq Nikol Paşinyana qarşı radikal mövqe tutmuşdu. Bu da səbəbsiz deyil. Çünki kilsə bu prosesləri özünün maraqlarına zidd hesab edir. Bu isə o deməkdir ki, qareginlər, baqratlar öz mövqelərini, dünyanın müxtəlif ölkələrindəki şirkətlərini, milyonlarla dollarlıq sərvətini  qorumaq üçün Ermənistanın və erməni xalqının gələcəyini belə məhv etməyə hazırdırlar. 

Halbuki, səmavi dinlərin təmsilçiləri tərəfləri barışığa, sülhə, əmin-amanlığa səsləməlidirlər. Ancaq erməni apostol kilsəsinin timsalında biz bunun əksini görürük. “Bəxt üzüyü” filmində Söylü demişkən, “Moşu, indiki sulara baxe, maykanı ağ salmışam, qara çıxır. Ayə, ekologiya budur?” İndi onun sözü olmasın, məgər din budur? Bu mənada əminliklə demək olar ki, erməni kilsəsinin fəaliyyəti səmavi din adına qara bir ləkədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”