Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində tarixi abidələr, məscidlər də təmir və bərpa edilir. Şübhəsiz, bu hər şeydən əvvəl Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsimizə böyük diqqət və qayğısının təzahürüdür, milli-mənəvi dəyərlərimizin qorunmasına töhfədir.
Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində məscidləri, müqəddəs ocaqları təhqir etmiş, tarixi və mədəni abidələri, qəbiristanlıqları dağıtmışd. Təkcə bir faktı qeyd edək ki, erməni vandalları işğal altında olmuş torpaqlarımızdakı 67 məsciddən 65-ni tamamilə məhv etmiş, ikisini isə yarı dağılmış vəziyyətə salmışdılar. Xatırladaq ki, nisbətən salamat qalanlar Ağdamın Cümə məscidi və Şuşanın Yuxarı Gövhər Ağa məscididir. Bir sözlə, Ermənistan dini memarlıq abidələrinə qarşı məqsədyönlü terror həyata keçirmişdir. Hələ o zaman Azərbaycan bu kimi məsələlərlə əlaqədar beynəlxalq arenda dəfələrlə məsələ qaldırmış, hayların bu vandalizm aktlarını beynəlxalq konvensiyalara meydan oxumaq kimi dəyərləndirmişdi. Amma beynəlxalq qurumlar, o cümlədən əksər ölkələr Azərbaycanın haqq səsinə səs verməmişlər. Nəticədə dünyanı öz yalanları ilə ələ almağı bacaran Ermənistan öz bildiyini etmişdir. Halbuki, ermənilərin işğalçılıq siyasəti nəticəsində İslam abidələrinin məhv edilməsi və ya tarixinin saxtalaşdırılması bütün İslam dünyasına, o cümlədən bəşər mədəniyyətinə qarşı yönəlmiş mənəvi terror idi.
Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz də erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılmış, təhqir edilmişdi. Hətta işğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunmuşdu. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılmış, ilkin görkəmini 70 faizə qədərini itirmişdi.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də bərpa-tikinti işlərinə başlanıldı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə apardı və buna əsasən binanın konservasiyasına qərar verdi. Nəticədə, konservasiya olunan tarixi məscidin yanında 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən yeni məscidin təməli qoyuldu. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirməyə başladı. Artıq həmin məscid hazırdır. Mayın 18-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan məscidinin açılışı keçirilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb. İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Bu, Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.
Yeri gəlmişkən qeyd edək ki, Prezident Zəngilana səfəri çərçivəsində şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşən Ağalı kəndində “Ağalı” hotelinin və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışlarını edib, həmçinin respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşən Mincivan qəsəbəsinin, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
Qvami Məhəbbətoğlu, “İki sahil”