06 may 2024 09:55
304

Sağlamlıq və ətraf mühitin qorunması

3-4 may tarixlərində “Sağlamlığa Xidmət”İctimai Birliyinin və Vərəm Əleyhinə QHT Koalisiyasının təşəbbüsü ilə bir qrup səhiyyə və ekologiya üzrə qeyri-hökumət təşkilatı Şuşada sağlamlıq və ətraf mühitin qorunması ilə əlaqədar tədbir keçirib.

“İki sahil” xəbər verir ki, tədbirin məqsədi 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı- COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi və “Yaşıl Dünya naminə Həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi ilə bağlı olub. Tədbirdə eyni zamanda, səhiyyənin idarə edilməsi sahəsində ölkəmizdə baş verən yeniliklər, o cümlədən ölkədə vərəmlə mübarizə istiqamətində görülməsi planlaşdırılan gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, ölkəmizdə 2023-2024-cü illəri əhatə edən Qlobal Fond tərəfindən maliyyələşdirilən və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra olunan “Azərbaycanda Vərəm stiqmasının qiymətləndirilməsi” layihəsinin nəticələri tədbir iştirakçılarına təqdim olunub.

Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbirdə açılış nitqi ilə çıxış edib və tədbir iştirakçılarına uğurlar arzu edib.

Tədbirdə “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva QHT-lərin COP-da iştirakı ilə bağlı olan mexanizm barədə məlumat verib. Daha sonra “Qadın Gələcək və İnkişaf” İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova COP28-lə bağlı öz təəssüratlarını, o cümlədən COP29-dan QHT-lərin gözləntiləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mətanət Qaraxanova “Ətraf mühit və Sağlamlıq” mövzusunda təqdimatla çıxış edib. Daha sonra tədbir müxtəlif ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.