06 may 2024 22:57
279

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqdir

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub.Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini kimi böyük siyasi həyata yenidən başladı. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilən Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi. Heydər Əliyevin ətrafında yaradılan bu partiya onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu innovativ inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Məhz əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu ordu quruculuğu prosesinin cənab Prezident tərəfindən uğurla davam etdirilməsi, xalqı bir ideya ətrafında birləşdirə bilmək siyasəti nəticəsində biz tarixi Zəfər çaldıq. 30 il ərzində işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad oldu. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, Vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz.

Məlum olduğu kimi, mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur. 2004-cü ildə fəaliyyətə başlayan Fond yaradılarkən Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti mədəniyyətlərarası dialoqa əhəmiyyətli töhfələr verir

Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyəti çoxşaxəlidir. O cümlədən, milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində görülən işlərdə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətləri əvəzolunmazdır. Fond mütəmadi olaraq xarici ölkələrdə Azərbaycan mədəniyyətini tanıtmağa yönələn tədbirlər həyata keçirir.

Heydər Əliyev Fondu qədim tarixi abidələrin bərpasına və qorunmasına da xüsusi diqqət ayırır. Məsələn, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turizm mərkəzlərindən birinə çevirməyə xidmət edir.

Məlum olduğu kimi, Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. Bunun təsdiqi olaraq, son illərdə görülən işlərin bir qismini sadalamaq kifayətdir.

Heydər Əliyev Fondu tərəfindən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla icra olunur. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində məktəblərin yenidən qurulması, tikilməsi işləri həyata keçirilir.

Beləliklə, sadalananlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xeyriyyəçilik fəaliyyətini, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz xidmətləri təsdiq edir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri