06 may 2024 19:20
362

Fransa istismarçı nekolonialist siyasətinə son qoymalıdır - Kamran Bayramov

Uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasəti yerli əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanıb. Bu iyrənc siyasət yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıyır. Yelisey sarayının uzun illərdən bəri davam edən assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqli xarakter daşıyıb. Çünki onlar ağdərili və xristian deyillər. Fransa  irqi ayrı-seçkiliyi qabardaraq insanları mənən alçaldan siyasət yürüdərək assimilyasiya siyasəti həyata keçirir. Assimilyasiya siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir. Bunun nəticəsində fransız müstəmləkələrində insan hüquqlarının kobud şəkildə pozulmasına, bu ərazilərdə yerli xalqların kimliyinin silinməsinə, həmin dövrdə ailələrin dağılmasına, eləcə də bir neçə nəslin sabitliyinin pozulmasına səbəb olub.  Fransanın istismarçı neokolonialist siyasəti nəticəsində müstəmləkə xalqları sözün əsl mənasında assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə sabitliyin pozulması siyasətini həyata keçirir, eyni zamanda, hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Təbii ehtiyatlarla zəngin olan bu ölkələrin xalqları Fransadan dəfələrlə çətin şəraitdə yaşayır, işsizlik və yoxsulluq səviyyəsi dəfələrlə yüksəkdir. Fransanın bu ərazilərdə həyata keçirdiyi nüvə sınaqları, uranın zənginləşdirilməsi istiqamətində fəaliyyəti əhalinin səhhətində ciddi fəsadlar yaradıb, ətraf mühitə böyük ziyan vurub. Bu ölkə yerli xalqların süni şəkildə assimilyasiya edilməsi siyasəti və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi ilə yerli xalqların müstəqillik uğrunda mübarizəsini boğmağa çalışır. Hesab edirəm ki, bütün tərəqqipərvər qüvvələr insanlıq əleyhinə olan bu ideologiyaya qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Təqdirəlayiq haldır ki, Azərbaycan Fransanın müstəmləkəçi siyasətinə qarşı əzmlə mübarizə aparır. Bu məqsədlə Bakı Təşəbbüs Qrupu yaradılıb. Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: “Biz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Artıq bir neçə ildir ki, ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Rəsmi Bakı Qarabağda işğala son qoyduqdan sonra müstəmləkəçilik siyasəti ilə bağlı prinsipial mövqe ortaya qoyub, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz bəhrəsini verməkdədir. Ölkəmiz daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halların aradan qaldırılmasına çalışır. Bir sıra Qərb ölkələrinin və bəzi beynəlxalq təşkilatların burada da bütün məsələlərə ikili standartlardan yanaşmasını müşahidə edirik. 

Şəmsiyyə Əliqızı, “İki sahil”