16 yanvar 2018 00:47
1392

Neft ixracında artım

Neft gəlirləri manatın məzənnəsinə nə dərəcədə təsir göstərə bilib?

Azərbaycan 2017-ci il ərzində 27 milyon 227 min 902 ton həcmində xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə xam neftin dəyəri 10 milyard 706 milyon 817 min ABŞ dolları təşkil edib.

Ötən il ixrac olunan xam neftin miqdarı əvvəlki ildən 30 faiz, dəyəri isə 65 faiz çoxdur.

Hesabat ilində xam neft  satışının Azərbaycanın ümumi ixracının 77,52 faizini təşkil etməsinə baxmayaraq,  xam neft satışından ölkəyə daxil olan xarici valyuta manatın dollara olan məzənnəsinə ciddi təsir etməyib. Ötən il ərzində manatın dollara nisbətdə məzənnəsi 4 faizə yaxın  möhkəmlənib. Ötən ilin yekunu üzrə orta çəkili məzənnə bir dollara nisbətdə 1,7205 manat təşkil edib. Manatın dollara qarşı məzənnəsinin pik göstəricisi fevralın 1-i və 2-də qeydə alınıb - bir dollara nisbətdə 1,92 manat. Minimal göstərici isə dekabrın 6-da qeydə alınıb və dekabrın 12-dək bu səviyyədə qalıb - bir dollara qarşı 1,7 manat.

Bunun əsasında ölkədə dollara olan tələbatın azalmasının dayandığını desək, yanılmarıq. Məsələ burasındadır ki, 2017-ci ildə xam neft ixracı əvvəlki illə müqayisədə dəyər ifadəsində 65 faiz artsa da, yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 3 milyard 598,12 milyon dollar satıb ki, bu da 2016-cı il ilə müqayisədə 1,3 milyard dollar və ya 26,53 faiz azdır. Bununla belə, bu addım ölkədə valyuta qıtlığına səbəb olmayıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkənin  ixrac əməliyyatları üzrə 13 milyard 811 milyon 624,44 min dollar olub ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 51,05 faiz çoxdur. Ötən il ərzində idxal əməliyyatları 8 milyard 782 milyon 7,55 min dollar olub ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 2,92 faiz çoxdur. İxracın idxalı üstələməsi qeyri-neft sektorunda da müşahidə edilib. Nəticədə  5 milyard  29 milyon 616,89 dollar məbləğində müsbət saldo yaranıb ki, bu da xarici valyutaya olan tələbin azalmasına imkan yaratmaqla bərabər ehtiyatların artımına da səbəb olub.  Təkcə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2017-ci il dekabr ayının 29-na 5 milyard 334,6 milyon dollar təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 1 milyard 360,2 milyon  dollar və ya 34,22 faiz çoxdur.

Ölkədə dollara olan tələbin azalması əhalinin banklardakı əmanətlərinin stukturuna da təsir edib. AMB-nin məlumatına görə, 2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 milyard 370,6 milyon manat təşkil edib ki, bunun da 2 milyard 285,5 milyon manatı (31,01 faizi) milli  valyuta, 5 milyard 85,1 milyon manatı (68,99 faizi) isə xarici valyuta ilə yerləşdirilib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 milyon manat və ya 50,64 faiz artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 milyon manat və ya 14,3 faiz azalma olub.

Bir sözlə, arxada qoyduğumuz ildə  xam neft ixracından gəlirlərin əvvəlki illərə nisbətən artması heç də arxayınlıq yaratmayıb. Əksinə, ixracın idxalı kəskin üstələməsi xarici valyutaya da böyük həcmdə tələbatın yaranmasına imkan verməməsi manatın dollara nisbətən məzənnəsinin demək olar ki, sabit qalmasına səbəb olub. Bu da yerli valyutaya olan inamı daha da artırmaqla əhalinin banklardakı əmanətlərinin faiz nisbətinin manatın xeyrinə dəyişməsinə imkan verib.

Manatın məzənnəsindən söz düşmüşkən onu da qeyd edək ki, artan neft gəlirlərinin əsasən yığıma yönəldilməsi milli valyutamızın gərəksiz yerə bahalaşmasına da imkan verməyib ki, bu da qeyri-neft ixracını dəstəkləyən əsas amildir.

Bütün bunlar ölkədə aparılan iqtisadi islahatların nəticəsidir və dövlət başçısının tövsiyə və tapşırıqları bu prosesin davamlı olacağından xəbər verir.

Ceyhun Piriyev, “İki sahil”