07 may 2024 12:01
235

Markos Neto: Azərbaycan DİM üzrə dördüncü milli hesabatını hazırlayan 5 ölkə sırasındadır

Azərbaycan DİM üzrə dördüncü milli hesabatını hazırlayan 5 ölkə sırasındadır.

“İki sahil” xəbər verir ki, bunu mayın 7-si Baş Katibin Köməkçisi, İnzibati Köməkçi və Direktor, BMTİP-in Siyasət və Proqram Dəstəyi Bürosu nümayəndəsi Markos Neto, “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqunun açılışındakı nitqində deyib.

“Azərbaycanı DİM üzrə dördüncü milli hesabatını hazırlayan 5 ölkə sırasındadır. Bununla əlaqədar Azərbaycanı təbrik edirik”, - deyə o bildirib.

Netonun sözlərinə görə, qadınların iqtisadiyyatda iştirakı əlavə 12 triliyon dollar deməkdir.

“Qadınların iqtisadiyyatda iştirak etməsinin qarşısının alınmasının fəsadları inanılmazdır”, - deyə o bildirib.

O qeyd edib ki, BMT Azərbaycanda qadınların iqtisadiyyatda rolunun artırılması üçün dəstək verməyə hazırdır və maliyyə proqramları hazırlaya bilər.

“Biz Azərbaycanın milli prioritetlərinə dəstək verir, mina təmizləmə, gender bərabərliyi, iqlim dəyişikliyi istiqamətlərində biliyimizi paylaşırıq.

Biz Azərbaycanda 17 qadın resurs mərkəzinin yaradılmasına nail olmuşuq. Bununla da 8 mindən artıq qadın müxtəlif kurslardan keçib, avadanlıqlarla təmin edilib. Biz onlara həm psixoloji, həm də maddi dəstək göstəririk”, - deyə o bildirib.

Neto qeyd edib ki, qlobal olaraq qadınlar üçün qadağan olunan peşələr sahəsində islahatlar aparılmalıdır.

“Azərbaycan bu sahədə gözəçarpan nailiyyətlər əldə edib. Biz istərdik ki, Azərbaycan bütün sahələrə gender bərabərliyi məsələsini inteqrasiya etsin. Azərbaycan bu mövzuda Braziliyanın təcrübəsindən də faydalana bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilir.