19 may 2024 18:55
520

Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır - ŞƏRH

Bölgə ilə bağlı məsələyə qeyri-regional ölkələrinin müdaxiləsi qəbuledilməzdir

Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüş çərçivəsində iki ölkənin prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi də keçirilib. 

Bu tədbirdə çıxış edən dövlətimizin başçısı Cənubi Qafqaz bölgəsi ilə bağlı məsələlərdən də söz açıb. İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxdığını, beynəlxalq təşkilatlarda, üzv olduqları təşkilatlarda bir-birini dəstəklədiyini və iki ölkənin dostluğunun nə qədər möhkəm olmasının bütün dünyanın da şahidi olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Yeri gəlmişkən, öz növbəsində İran Prezidenti Seyid İbrahim Rəis deyib ki, biz təbii ki, qardaş, qonşu və dost ölkələrik: ”İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir”. Əlavə edib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir.
Amma bu, bir faktdır ki, son günlər iki ölkə arasındakı bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr də peyda olmuşdu. Onlar nəyin bahasına olursa-olsun iki qonşu dövlət arasında münasibətləri kəskinləşdirməyə cəhdlər edirdilər. Amma bu görüş bir daha göstərdi ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bu iki ölkənin arasına girə bilməz. Dövlət başçımızın bildirdiyi kimi, bu səylər əbəsdir və  bugünkü mərasimlə bunu bir daha sübut edirik.

Prezident İlham Əliyev, həmçinin Qərb dövlətlərinin, xüsusilə Fransanın əlində oyuncağa çevrilmiş Ermənistanı hazırkı mövqeyinə də münasibətini bildirib. Qeyd edib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Bölgə ilə bağlı məsələyə qeyri-regional ölkələrinin müdaxiləsi qəbuledilməzdir. Odur ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır: “Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”.
Uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan üçün nəticənin o qədər də ürəkaçan olmadığını bildirən dövlətimizin başçısı deyib: “Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək”.

Dövlətimizin başçısı bu sözləri ilə bir daha bildirib ki, təcavüzkar ölkənin nicatı Qərbdə yox, bölgə ölkələrinin əlindədir. Yəni, Hayastan ancaq bu yolla inkişafa, tərəqqiyə nail ola bilər. Başqa sözlə desək, Ermənistanın dalan ölkə olmaqdan qurtuluşu yalnız Azərbaycanla danışıqlardan, sülh müqaviləsinin imzalanmasından keçir.

Hazırda iki ölkə arasında heç bir vasitəçi olmadan Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan Azərbaycana qaytarılır. Delimitasiya, demarkasiya prosesi də rəsmi Bakının şərtləri əsasında həyata keçirilir. Artıq sərhəd dirəkləri də quraşdırılıb. Şübhəsiz, sərhəd dirəklərinin quraşdırılması  sülhə nail olunması üçün real müstəvidə görülən işlərin əyani nümunəsidir.
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesindən söz açan dövlətimizin başçısı bildirib ki, artıq bu prosesin ilkin müsbət nəticələrini görürük. Bunu ümidverici hadisə hesab edən dövlətimizin başçısı vurğulayıb: “Çünki bu, ümid verir ki, nəhayət uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”