08 may 2024 02:36
247

Vyetnamda iri neft kəşfləri

Vyetnamın “PetroVietnam” dövlət neft şirkətinin filialları 100,5 milyon barel xam neft ehtiyatına malik yeni neft kəşfinə imza atıb. Məlumatı şirkətin kəşfiyyat və hasilat qolu “PVEP” açıqlayıb.

Kəşflər artan yanacağa tələbat fonunda sübut edilmiş ehtiyatların azalması səbəbindən xam neft hasilatını artırmaqda çətinlik çəkən Vyetnamın neft sənayesi üçün vacibdir.

“Vyetnamın cənub-şərqindəki “09-1” blokunda “Rong” yatağında “R79” quyusunda qazma işləri zamanı 16,5 milyon barrel xam neftin ilkin ehtiyatları aşkar edilib”, -PVEP-in açıqlamasında deyilir.

Yataq Vyetnam-Rusiya birgə müəssisəsi olan “Vietsovpetro” tərəfindən idarə olunur.

Blokda 30% paya sahib olan “PVEP”in bildirdiyinə görə, digər tapıntı Vyetnamın cənubundakı “Bock PM3 CAA”da ilkin ehtiyatları 84 milyon barel olan “BA-1X” quyusunda olub. “BA-1X” quyusunda hasilat mayın 5-də sutkada 2100 barel səviyyəsindən başlayıb.

Hökumətin məlumatlarına görə, bu ilin ilk dörd ayında Vyetnamın xam neft hasilatı əvvəlki illə müqayisədə 3,6% azalaraq 2,78 milyon metrik tona düşüb.

Nubar Süleymanova, “İki sahil”