08 may 2024 10:49
259

Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanın müstəqilliyini daimi etdi

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan bu gün möhtəşəm uğurları, Zəfərləri ilə dünyanın diqqətindədir. Ölkəmizin haradan haraya gəlib çıxdığını, müstəqillik yolunun heç də hamar olmadığını təhlil etməyə, bugünkü və gələcək nəsillərə çatdırmağa daim böyük ehtiyac duyulur. Bu reallıq daim vurğulanır ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə ölkəmizdə hakimiyyətsizliyin  hökm sürməsi böyük faciələrə, təhlükələrə səbəb oldu. Azərbayanda xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedir, torpaqlarımız biri-birinin ardınca işğal edilirdi. Artıq xalqın səbir kasası dolmuşdu. Belə bir çətin gündə Ulu Öndər Heydər Əliyev xalqın səsinə səs verib təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Azərbaycanın həyatında yeni mərhələ başladı.

1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində Azərbaycan yenidən quruldu. Gələcəyə hesablanmş inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşadı. Ümummilli Lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi. Azərbaycançılığın inkişafı və təbliği dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə prioritet məsələ kimi öndə dayandı. O, Azərbaycanı daim zirvələrdə, Azərbaycan xalqını isə xoşbəxt görmək istəyirdi. Bu istək Azərbaycanın dünyaya Günəş kimi doğmasında özünün aydın ifadəsini tapdı.

Hansı sahəyə baxsaq uğurlarımız  Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın gələcəyi olan gənclərimizin inkişafı bütün dövrlərdə Ulu Öndər Heydər Əliyevi düşündürən məsələlər sırasında oldu. Ümummilli Lider bildirirdi ki, Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Daha şəxsiyyət  gənc nəslin tərbiyəsinə, təhsilinə, özlərinin milli mənsubiyyətini yüksək tutmasına, ölkəmiz üçün layiqli varislər olmasına həmişə böyük diqqət yetirmişdir. Azərbaycanın bu günü və gələcəyi üçün çağırışları sırasında bu mühüm məqam xüsusi yer tuturdu ki, gənclərimiz tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi, mədəniyyətimizi yaxşı öyrənməli, inkişf etdirməli, təbliğində fəal iştirak etməlidirlər. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında gənclərin təhsili ilə bağlı tədbirlər əhəmiyyətli yer tutdu. Gənclərimizin keçmiş İttifaqın nüfuzlu ali mətkəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması da bu sıradan idi.

    1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Ulu Öndər Heydər Əliyev  2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin Birinci Forumun­dakı çıxışında bildirmişdir: “Hər bir Azərbaycan gənci cə­miyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır. ...Azərbaycanın müstəqil gələcəyini tə­min etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimi­zi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir.” Ulu Öndərin Fərmanı ilə 2 Fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi təsis edilməsi gənclərə diqqət və qayğısının bariz nümunəsi oldu. Keçirilən Forumlar, gənclərlə görüşlər, onların inkişafına xidmət edən Dövlət Proqramlarının təsdiqlənməsi və uğurlu icrası gənc nəslin inkişafına geniş imkanlar yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin Vətən, torpaq, xalq sevgisi  atdığı hər bir addımda özünü qabarıq şəkildə büruzə verdi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının, gənclərimizin həyat amalına çevrildi. Ümummilli Lider bildirirdi ki, Azərbaycan gəncliyi sağlam düşüncəli, vətənpərvər gənclikdir. Gənclərin gələcəyi onlara nəyi və necə öyrətməyimizdən asılıdır. Ulu Öndər Vətəni sevməyi mənəvi tərbiyənin əsas atributlarından biri kimi yüksək qiymət­ləndirir, gənclərimizin bu hisslərə yiyələn­məsini vacib hesab edirdi. Dahi şəxsiyyət bu çağırışı etmişdir: “Tarixi­mizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövləti­mizi gələcəkdə yaxşı qura bilmərik. Ona görə də gənclər gərək öz köklərini, res­publikamızın, xaqımızın tarixini bilərək bu gün də, gələcəkdə də vətənpərvərlik, Vətənə xidmət, Vətənə qayğı hissi ilə ya­şasınlar.” Xalqımızın zəngin tarixi olduğunu dönə-dönə vurğulayan Ulu Öndər bu tarixi, xalqımıza məxsus mədəniyyəti, mənəviyyatı, milli dəyərləri gənc nəslə çatdırmağı və onları bu ruhda tərbiyə et­məyi müəllimlərin, məktəbin müqəddəs borcu hesab edir və bunun çox vacib ol­duğunu bildirirdi.

Ulu Öndər Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanın müstəqilliyini daimi etdi. Ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalq tarixi müraciəti oldu. Həmin müraciətdə Ulu Öndər axıra çatdıra bilmədiyi işlərin, planların cənab İlham Əliyevin  axıra çatdıracağına əminliyini ifadə etdi. 2003-cü ildən başlanan Böyük Yolun davamı möhtəşəm uğurlara, Zəfərlərə yol açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycan tarixinə Zəfər səhifələrini yazdı.  Dövlət başçısının rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüzü və suverenlyimizi tam bərpa etdi. Tarixi Zəfrimizi şərtləndirən amillər sırasında gənclərimizin vətənpərvərliyi xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev bildirir: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər.”

 Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə  gənc nəslin tərbiyə edilməsi istiqamətində  məqsədyönlü siyasət yürüdülür və elə gənc nəsil yetişdirildi ki, onlar Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını sözdə deyil, əməldə təsdiqlədilər. Onlar öz cəsarətləri, Vətən sevgisi, qanları və canları ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək müstəqilliyimizin yeni bir mərhələsinin zəfər təməlini qoydular. Bu gün Azərbay­can tarixi Zəfərinin yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi