08 may 2024 15:41
382

Aİ ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi uğurla icra edilir

Azərbaycan dövləti Aİ-də təmsil olunan ayrı-ayrı ölkələrlə iqtisadi əməkdaşlığa sahibdir. Xüsusilə  9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqaviləmiz mövcuddur. Respublikamızın Avropada  yaxından əməkdaşlıq etdiyi ölkələrdən biri də Slovakiyadır. Mayın 7- də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri  geçəkləşdi. Səfər çərçivəsində ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olundu və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparıldı, həmçinin tətbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatlar verildi. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu.

Bu səfər hər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi qiymətləndirildi.  Görüşdə ik ölkə arasında imzalanan sənədlər həm regional, həm də beynəlxalq əhəmiyyətli idi. Yəni, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi.

Eyni zamanda, siyasi münasibətlərin daha da dərinləşməsinin bilavasitə iqtisadi əməkdaşlığın dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib hesab edirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi tarixi imkandır.

Dost Slovakiya ölkəmizin Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir. Ona görə də son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu mənada hər iki dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni imkanlar  yaradacaqdır. Ölkəmizin başçı mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var.  Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs etdi.

Məlumdur ki, bu gün enerji təhlükəsizliyi bütün dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa ilə tərəfdaş olsun. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

Məhz bu səfərdə yadda qalan məqamlardan biri də Slovakiya şirkətləri tərəfindən Ağdamın Qərvənd kəndinin yenidən qurulması məsələsi oldu. Təbii ki, bu həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri