08 may 2024 16:38
145

803 min 118 manat ziyan vurmuşdu...

"Sədərək" ticarət mərkəzinin sahibinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cəzası azaldılıb.

“İki sahil” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda onun cəzası 1 il azaldılaraq 10 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

Təqsirləndirilən şəxs 177.4 maddəsi ilə özünü təqsirli bilmədiyini və ona daha ağır cəza verilməsi üçün vurulmuş ziyanın məbləğinin şişirildiyini deyib.

O, həmin maddənin 177.3.2 maddəsinə tövsif olunmasını istəyib.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun anası Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə O.Qədimbəyli və F.Qədimovaya 803 min 118 manat ziyan vurub.

İstintaq zamanı R.Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polisə özü göstərib. Həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində O.Qədimbəyli və onun həyat yoldaşı F.Qədimova tanınıb.