10 may 2024 01:58
304

Milli mətbuatımızın inkişafı Ulu Öndərin adı ilə bağlıdır

Müasir Azərbaycan mətbuatının inkişafının və çiçəklənməsinin təməli Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrünə təsadüf edir. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Ümummilli Lider hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması isə  dilimizə olan yad münasibətdə əsl inqilab yaratdı.

Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş baş verdi. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Ulu Öndərin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı.

Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun və milli özünüdərkin dirçəliş dövrü kimi də səciyyəvidir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. Belə ki, ötən əsrin 70-80-cı illərində – Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldırdı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olunurdu. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi.

Müstəqil Azərbaycanda söz azadlığının, KİV-ə dövlət qayğısı siyasətinin əsasını da məhz Ulu Öndər Heydər Əliyev qoyub. 1993-cü ilin yayında AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyətindən cana doyan xalq təkidlə Ümummilli Liderin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb etdi. Xalqının təkidli tələbini qəbul edib çətin bir dövrdə müstəqil Azərbaycana rəhbərlik etməyə razılıq verən Ulu Öndər 1993-2003-cü illərdə milli mətbuatımıza qayğı siyasətini yeni səviyyədə davam etdirdi. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə mətbuatın problemlərini yaxından öyrənib və onların aradan qaldırılmasına yönələn tədbirlərin həyata keçirilməsinə nail oldu. Onun 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə senzuranın ləğv olunması KİV üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat təmsilçiləri Ulu Öndərin hərtərəfli diqqət və qayğısına cavab olaraq 2002-ci ildə onu “Jurnalistlərin dostu” seçibdilər.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 20 ildə də mətbuatın inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, həm hüquqi əsaslar, həm də Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib. Dövlət başçısının 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. Respublikamızda 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır.

Respublikamızda jurnalistlərin sosial müdafiəsi də davamlı şəkildə diqqət mərkəzində saxlanılır. Belə ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina tikilib. Həmin binadakı mənzillər 2013-cü il iyulun 22-də Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlərə paylanılıb. Azərbaycan mediasının təmsilçiləri 2017-ci il iyulun 20-də - Milli Mətbuat Günü ərəfəsində növbəti dəfə mənzil sahibi olmağın sevincini yaşayıblar. Həmin tarixdə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirilib. Milli mətbuatın ildönümlərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. 

Bütövlükdə, Azərbaycan mətbuatı dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması bu reallığın növbəti təsdiqidir. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” seçilib.

Azərbaycan mediası transformasiya prosesini uğurla keçir. İndiki mərhələdə milli mətbuatımızın inkişafında dövlət dəstəyi mexanizmlərinin, institusional təsisatların təkmilləşdirilməsinin də önəmini isə ayrıca qeyd etmək lazımdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsaən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Yeni qurumun qarşısına indiki mərhələdə islahatlar yolu ilə milli mətbuatımızı zamanın yeni çağırışları əsasında inkişafına dəstək vermək kimi mühüm vəzifə qoyulub. Ötən qısa dövrdə qurum tərəfindən atılan addımlar, həyata keçirilən müxtəlif tədbirlər, həmçinin KİV-in fəaliyyətinə yeni yanaşmanın sərgilənməsi Medianın İnkişafı Agentliyinin qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün uğurla fəaliyyət göstərdiyini təsdiqləyir. 2021-ci ilin dekabrında ölkəmizdə “Media haqqında” yeni Qanun qəbul olunub. Qanunda indiki dövrün qlobal çağırışları, ölkəmizin hazırkı inkişaf mərhələsinin reallıqları, dövlətin informasiya siyasəti və s. mühüm məqamlar  nəzərə alınıb.

Qısa müddətdə Media Reyestrinin yaradılması da bu sahədə əldə olunan mühüm uğurlardandır. Media Reyestri Qanunun 73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və MEDİA Agentliyi tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır.

Bütün bunlar onu göstərir ki, bu gün Ulu Öndərin əsasını qoyduğu siyasətin varisliyinin təmin olunduğu kimi, milli mətbuatımıza diqqət və qayğı da yüksək səviyyədə davam etdirilir. Mətbuatda söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Nigar Orucova, “İki sahil”