10 may 2024 01:14
270

Azərbaycan dilçiliyinin sürətli inkişafı Heydər Əliyevin şərəfli xidmətlərindəndir

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

 Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib. Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdi.Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti ilə bağlıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdir. Dahi şəxsiyyətin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əksini tapdı. Bundan sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi. Bu isə nəticə etibarıilə, Azərbaycandilli məktəblərin inkişafına da təkan verdi və bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilməyə başlandı.

Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı uzun illər müxtəlif təzyiqlərə məruz qalmasına, 70 il SSRİ adlanan “qırmızı imperiyanın” tərkibində olmasına baxmayaraq, öz dilinə sahib çıxaraq qoruyub.  Hər bir millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər qısa zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Əlbəttə ki, Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. 1995-ci ildə  referendumla qəbul edilən Milli Konstitusiyamızda Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ana dilinin böyük təəssübkeşi olan Heydər Əliyev dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayır və  onun inkişafı və qorunması istiqamətində bir-birinin ardınca fərmanlar imzalayırdı. Bu baxımdan Ulu Öndərin dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı xüsusi qeyd etmək lazımdır. Heç də təsadüfi deyil ki, sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır

Onu da xüsusi vurğulamaq gərəkdir ki, Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

2003-cü il   yanvarın 2-də ümummilli lider  Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Qanunda Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılması, onun tətbiqinin, qorunmasının və inkişaf etdirilməsinin qayğısına qalması, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradılması məsələləri öz əksini tapdı. Bu isə Azərbaycan dilinin inkişafı yolunda daha bir yenilik idi.

Dilimizin inkişafı, sürətli tərəqqisi istiqamətində dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Lakin bu yazıda biz görülən işlərə çox qısa nəzər saldıq. Deyilənlər bir daha göstərir ki, XX yüzilliyin ikinci yarısında və əsrimizin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin intellekti, uzaqgörən siyasəti, dönməz fəaliyyəti sayəsində ana dilimizin hərtərəfli inkişafı və dövlət dili statusu təmin edilmişdir.

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Bütün bu deyilənlər onu göstərir ki, Prezident  İlham Əliyev Ulu Öndərin dil siyasətini də uğurlu davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə Sərəncam və Fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.

Yaqut Ağaşahqızı, “İki sahil”