10 may 2024 12:36
281

Azərbaycanla Avropa dövlətləri arasında münasibətlər inkişaf edir

Respublikamızla Avropa İttifaqı  məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Müstəqil Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxvektorlu xarici siyasət kursu beynəlxalq miqyasda, o cümlədən də Avropa İttifaqı məkanında ölkəmizə çoxlu dostlar qazandırıb. Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. İndiyədək Azərbaycanla Aİ üzvü olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qurumun region ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür.

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır.  Burada xüsusi ilə qeyd etmək lazımdır ki, Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. 2004-cü ildən Avropa Birliyi və NATO-nun üzvü olan Slovakiyanın Baş nazirinin ölkəmizə səfəri Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılması ilə əlamətdar olmuşdur. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, sənədlə əlaqələrimiz ən yüksək səviyyəyə qaldırılmışdır. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr iki tərəfin niyyətini əks etdirməklə yanaşı, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Prezident İlham Əliyevin dediyi kimi, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və bizim müştərək yolumuz çox uğurlu olacaq. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi.

Siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib bilirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib. Vurğulanıb ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə dövlətimizin başçısı bildirib. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Ölkəmizin hədəfində 2027-ci ilin sonuna qədər Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi də dayanır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə isə Slovakiya ola bilər. Dövlət başçısının dediyi kimi, keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və  “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün yeni perspektivlər açacaqdır.  Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Məlumdur ki, bu gün enerji təhlükəsizliyi bütün dünyada xüsusi əhəmiyyət daşıyır. 

Azərbaycan və Slovakiya arasında dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır.

Ayaz  Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri