13 may 2024 13:37
347

Beynəlxalq hüquqa və ədalətə əsaslan siyasət

Mayın 10-da Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev Şuşanın xalqımızın əyilməz ruhunun rəmzi olduğunu vurğuladı. Şuşada genişmiqyaslı quruculuq işlərinın həyata keçirildiyindən geniş bəhs edən ölkə başçısı  bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək. 

Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev qeyd etdi ki, AXC-Müsavat cütlüyünün hakimiyyətə can atdığı dövrdə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı.  Azərbaycan xalqı öz böyüklüyünü 1993-cü ildə nümayiş etdirdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. Ulu Öndər Bakıya qayıdana qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Azərbaycan Ulu Öndərin fəaliyyəti nəticəsində inkişaf yoluna qədəm qoydu. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti  Zəfərimizə sevinməyiblər. Onlar Azərbaycanın Qələbəsinə bu günə qədər kölgə salmağa çalışırlar.

Prezident İlham Əliyev Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı bildirdi ki,  Azərbaycan heç vaxt müharibə istəməyib, bu gün də istəmir. Azərbaycana müharibə deyil, öz torpaqları lazım idi. Ölkə başçısı Minsk Qrupunun 28 ildəki fəaliyyətinin Azərbaycan xalqına qarşı yönəldiyini, onların yalançı vədlərinin və fəaliyyətsizliyinin təsadüfi olmadığını qeyd etdi. Minsk Qrupu məsələni həll etmək istəmirdilər və onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Ölkə başçısı Fransa və Amerikaya sərt xəbərdarlıq edərək qeyd etdi ki, bu bölgədə Azərbaycanın iradəsindən kənar heç bir məsələ həll olunası deyil. Bu ölkələr bunu birdəfəlik bilməlidirlər. Azərbaycanın siyasəti beynəlxalq hüquqa və ədalətə əsaslanır. Prezident İlham Əliyev onu bəyan etdi ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda Azərbaycandan heç kim inciməsin. Heç kim Azərbaycanın qabağında dura bilməz. Heç kim Azərbaycana heç nə diktə edə bilməz və ölkəmizin daxili işlərinə müdaxilə edə bilməz.  

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri