14 may 2024 00:35
1428

Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsi

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 miqyasına görə Azərbaycanın in­diyədək ev sahibliyi etdiyi ən böyük tədbir olacaq. Bakı iki həftə ərzində dünyanın mərkəzinə çevriləcək və paytaxtımız təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

Şübhəsiz, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir. Belə ki, bu, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzdən və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan ermənipərəst  dairələrə tutarlı cavabdır.

Belə bir möhtəşəm tədbirdə “yaşıll enerji” məsələsi də əsas müzakirə mövzularından biri olacaq. Ümumiyyətlə, “yaşıl enerji” növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritetidir. Bu mənada demək olar ki,  COP29-un respublikamızda keçirilməsi həm də “yaşıl enerji” siyasətimizə qlobal dəstəyin ifadəsidir. 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: “Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik”.

Bərpaolunan enerjinin istehsalında regionda lider olmaqda davam edən ölkəmiz son illər bölgədə “yaşıl enerji”nin inkişaf etdirmək, enerji strategi­yasında yeni eranı başlamaq istiqamətində bir-birinin ardınca önəmli addımlar atır.  Bu niyyətlə bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power”  ilə də əməkdaşlıq edir. Yeri gəlmişkən qeyd edək ki,  2023-cü ilin fevralın 2-də SOCAR ilə “ACWA Power” şirkəti arasında Azərbaycanda dənizdə və qu­ruda külək, günəş və “yaşıl hidrogen” kimi bərpaolunan enerji, cari il apre­lin 16-da  “yaşıl gübrə” istehsalı ilə bağlı, həmçinin mayın 3-də isə enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalanıb. Şirkət hazırda Abşeron-Xızı regio­nunda ümumi investisiya dəyəri 345 milyon ABŞ dolları olan 240 meqavat gücündə külək elektrik stansiyası inşa edir. 

“Masdar” ilə quruda 1 qiqavat gücündə günəş və 1 qiqavat gücündə külək, dənizdə isə ilkin olaraq 2 qiqavat, növbəti mərhələdə 4 qiqavat gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb və hazırda bu istiqamətdə işlər davam etməkdədir. “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” isə yaşıl enerjidən istifadə sahəsində Qara dənizi Xəzər dənizi regionu ilə əlaqələndirilməsinə töhfə verəcək. Əminliklə demək olar ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq.

Şübhəsiz, Azərbaycanda bərpaolunan enerji layihələrinə dünya ölkələrinin böyük maraq göstərmələri bu sahədə mövcud zəngin potensialla və respublikamızda yaradılan əlverişli investisiya mühiti ilə əlaqədardır.

Prezident İlham Əliyevin  ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “yaşıl enerji” zonası elan etməsi də yaşıl enerji sahəsində görülən işlərə güclü təkan verəcək. Fərəhli haldır ki, Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu göstərici 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Qvami Məhəbbətoğlu, “İki sahil”