21 may 2024 11:23
438

İkitərəfli əlaqələrin inkişafına yeni təkan

Azərbaycan Respublikasının xarici siyasətində Şərqi Avropa ölkələri ilə ikitərəfli qarşılıqlı əlaqələrin qurulması xüsusi yer tutur. Ölkəmizin sürətli iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyinə verdiyimiz önəmli töhfələr Azərbaycanı regional və beynəlxalq miqyasda cəlbedici dövlətə çevirir. Şərqi Avropada yerləşən Belarus Respublikası Azərbaycanla əməkdaşlığa can atan dövlətlərdən biridir. Hələ sovetlər birliyi dönəmində Azərbaycan və Belarus eyni ittifaqın tərkibində olmuş, iki xalq arasında mədəni, iqtisadi bağlılıqlar formalaşmışdır. İki dövlət arasında olan bu tarixi bağlılıq obyektiv həqiqətdir və müasir dövrdə də davam etməkdədir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun bir neçə gün əvvəl ölkəmizə etdiyi səfər şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafına yeni bir təkan verəcək.

16 may 2024-cü il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri ilə əlaqədar Cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda bir çox maraqlı məqamlar yer aldı. Dövlət başçımız qeyd etdi ki, biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.

Belarus dövlət başçısının rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” və digər sənədlər imzalandı.

Belarus dövlət rəhbərinin ölkəmizə səfəri, imzalanmış sənədlər münasibətlərimizin gələcəkdə daha da dərinləşdirilməsi üçün  möhkəm hüquqi baza formalaşdırır.  Sağlam və səmimi təməllərə söykənən Azərbaycan-Belarus əməkdaşlığı hər iki qardaş xalqın rifahına xidmət edir.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi