28 may 2024 02:17
273

Söz də imza qədər kəsərli olanda…

Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.

Bu fikirləri mayın 10-da Prezident İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşü zamanı söyləmişdi.

Bəli, Azərbaycanın təklifləri və təzyiqləri əsasında 2024-cü il aprelin 19-da İrəvanın delimitasiya prosesinə başlaması işğal altındakı kəndlərimizin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) heç bir vasitəçi olmadan mayın 24-də qeyd-şərtsiz geri qaytarılması ilə nəticələndi. Başqa sözlə desək, heç bir güllə atılmadan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması reallığa çevrildi. Artıq sərhədçilərimiz bayrağımızın dalğalandığı həmin azad edilmiş kəndləri nəzarətə götürüblər. Bununla bir daha sübut olundu ki, həqiqətən də bölgədə söz sahibi Azərbaycandır. Yeri gəlmişkən qeyd edək ki, postsovet məkanında indiyə qədər torpağını itirmiş heç bir dövlət onu geri qaytarmağa müvəffəq olmayıb.

Bütün dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən danışıqlar çərçivəsində ilk dəfə olaraq Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlməsi iki ölkənin sülhə çox yaxın olduğunu göstərir. Şübhəsiz, bu razılaşma ümumilikdə Cənubi Qafqazda sülhə və sabitliyə xidmət edən mühüm addımdır. Mübaliğəsiz demək olar ki, bu uğur Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi bir günlük antiterror tədbirləri ilə əldə etdiyi zəfərlərin davamıdır. Bunu həm də bölgədə yaranmış yeni reallıqların nəticəsi kimi də dəyərləndirmək olar. Bu mənada demək olar ki, son illər Azərbaycanın, onun “mən nəyi deyirəmsə, onu da edirəm" deyən, sözü də imzası qədər kəsərli olan Liderinin qazandığı nailiyyətlərin miqyasının analoqu yoxdur. Digər tərəfdən bu, hələ 2020-ci ildə “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”  deyərək  qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmış və ötən müddət ərzində mövzunu daim gündəlikdə saxlamış dövlət başçımızın siyasi iradəsi sayəsində Azərbaycanla bağlı Qərbin, xüsusilə müstəmləkəçilik siyasətindən əl çəkməyən, ermənidən çox ermənilik edən Fransanın Prezidenti Emmanuel Makronun ssenarilərinin alt-üst olması deməkdir. Bu addım bölgəni müharibəyə sürükləmək niyyətində olanların iç üzünü bir daha dünyaya açıb göstərdi. Hadisələrin gedişatı da göstərir ki, həmin qüvvələr hazırda uğurla davam edən proseslərdən nə qədər uzaq  olsalar, Cənubi Qafqazda siyasi iradə və qətiyyət nümayiş etdirən Azərbaycanın səyləri ilə sülh, sabitlik bir o qədər tez təmin ediləcək. Şübhəsiz, bu gün Ermənistanda küçələrə düşüb Azərbaycanla sülh müqaviləsinin imzalanmasının, həmçinin delimitasiya əleyhinə çıxan keçmiş hərbi xuntanın tör-töküntüləri, revanşist qüvvələr, həmçinin Baqrat kimi din adına ləkə olan üzdəniraq “keşiş”lər də  bundan dərs götürəcəklər. Yeri gəlmişkən, Ermənistanda Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası fonunda qaldırılmış süni ajiotaj davam edir və davam etdikcə yeni “çalarlar” alır.

Yəqin ki, onlar gec-tez başa düşəcəklər ki, rəsmi Bakı regiona kənar müdaxilələrin, revanşistlərin  fəallaşmasına baxmayaraq, daim sülhsevər siyasət yürüdür və istədiyinə nail olur. Bir sözlə, Azərbaycan tərəfinin irəli sürdüyü təkliflər əsasında aparılan danışıqlar avantüristlərdə narazılıqlar doğursa da, rəsmi İrəvan beynəlxalq qanunlara əsaslanan qərarları icra etməyə məcburdur. Unutmayaq ki, məhz Prezident İlham Əliyevin hərbi, diplomatik həmlələri Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa vadar edib.

Qeyd edək ki, Qazaxın 3 kəndi (Yuxarı Əskipara, Sofulu və Bərxudarlı) və Naxçıvanın Kərki kəndi hələ də təcavüzkar ölkənin işğalı altındadır. Şübhəsiz, bundan sonrakı mərhələdə bu esklavların da taleyinə aydınlıq gətiriləcək. Daha doğrusu, həmin  kəndlərin Azərbaycana qaytarılması da yaxın aylarda reallaşacaq.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”