28 may 2024 00:08
277

Əli Kərimli və dəstəsinin qərəzdən doğan mərəzi...

Yaxud anti-Azərbaycan dairələrin dilənçi payını Vətən çörəyindən üstün tutan yal xəstələrinin simasızlığı nə vaxta qədər davam edəcək?

Uzun illərdən bəri müşahidələr əsasında sabitləşmiş qənaətimiz belədir ki, başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifət təmsilçiləri ölkəmizdə mötəbər beynəlxalq və regional tədbirlərin keçirilməsi ərəfəsində daha da azğınlaşırlar. Məlum antimilli zümrə hər dəfə anti-Azərbaycan dairələrin, erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi beynəlxalq təşkilatların ikili standartlara əsaslanan qərəzli açıqlamalarını əldə şüar edərək ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasını daha da gücləndirirlər.

Bütün bunlar təsadüfidirmi? Qısaca olaraq demək olar ki, yox. Çünki son zamanlar ölkəmizə qarşı xarici təzyiqlərin artması, daxildəki antimilli ünsürlərin getdikcə aqressivləşməsi bir daha göstərir ki, bütün bunlar eyni mərkəzdən idarə olunur. Qərəzli xarici dairələrin miskin əlaltısına çevrilən Ə.Kərimlinin və onun dəstə üzvlərindən Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin, İlham Hüseynin, Seymur Həzinin, Qənimət Zahidin və digərlərinin ölkəmizdə baş tutacaq qlobal xarakterli COP29  ərəfəsində, sosial şəbəkə seqmentlərində necə deyərlər, “fəallaşamaları”, mitinq tələbləri, “siyasi məhbus” iddiaları ilə çıxış etmələri bəzi qaranlıq mətləblərə işıq tutmağa imkan verir.

Hamımız yaxşı xatırlayırıq ki, “Eurovision-2012” və Birinci Avropa Oyunları ərəfəsində və bu tədbirlərin davam etdiyi vaxtlarda da erməni diasporu və anti-Azərbaycan qüvvələr, onların təsiri altında olan media qrupları,  məlum dairələrin “sapı özümüzdən olan baltalar”ı- trolları fəallaşaraq Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını genişləndirmişdilər.  Bu üzdəniraq qüvvələr o zaman da respublikamızla bağlı doğru olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında həqiqətdən uzaq, şər-böhtan dolu fikirlər formalaşdırmaq üçün ən çirkin vasitələrdən istifadə edirdilər. O zaman da onların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdəki imicinə ləkə yaxmaq idi.

Heç kimə sirr deyil ki, bəşəriyyəti, bütün tərəqqipərvər qüvvələri narahat edən iqlim dəyişikliyi ilə bağlı COP29 kimi genişmiqyaslı beynəlxalq tədbirin öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən, regionda əsas nüfuz və söz sahibinə çevrilən Azərbaycanda keçirilməsi Qərbdəki  bəzi məkrli dairələri və erməni lobbisini bərk narahat edir. Buna görə də həmin qüvvələr  ölkəmizdə keçiriləcək COP29 ərəfəsində Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarını gücləndirmək, necə deyərələr, ona “yeni çalarlar” əlavə etmək üçün daxildəki antimilli ünsürlərdən məharətlə istifadə edirlər. Onu da yaxşı bilirik ki, məlum qərəzli dairələr belə işlərdə adətən səxavətlərini əsgirgəmirlər. Ölkəmizə qarşı bu cür üzdəniraq kampaniyaların pradiqmalarına diqqət edəndə aydın görünür ki,  Azərbaycan əleyhinə çağırışların, qara piar kampaniyasının arxasında Qərbdəki ermənipərəst dairələr dayanır.

Təbii ki, onların belə üzdəniraq fəaliyyətləri heç bir nəticə verməyəcək. Emənipərəst qüvvələrin kuklasına çevrilən məlum məlum ünsürlərin  antimilli fəaliyyətləri əvvəllər olduğu kimi, iflasa uğrayacaq. Yaşadığı coğrafiyadan asılı olamayaraq əslində doğma Vətəninin bir parçası olduğunu unudanlar,  öz mənfur əməlləri ilə düşmən dəyirmanına su tökərək elinə-obasına dönük çıxanlar, millətinə nankorluq edənlər xalqımızın və tarixin yaddaşında milli satqın kimi qalaraq lənət ünvanına çevriləcəklər. İctimaiyyətimiz həmişə olduğu kimi, bu gün də bu ünsürlərin ölkəmiz barədəki kin-küdurətlərini, ayrı-ayrı şəxslər barədəki şər-böhtanlarını, heç bir əndazəyə, məntiqə və həqiqətə uyğun olmayan mülahizələrini diqqətə almayaraq bu hərəkətləri  qərəzdən doğan mərəz kimi dəyərləndirir.

Zahid Rza, “İki sahil”