27 may 2024 20:32
333

Hərbi kəşfiyyat peykinin buraxılışı uğursuz olub

Şimali Koreyanın Milli Aerokosmos Texnologiyaları Administrasiyası hərbi kəşfiyyat peykinin orbitə çıxarılması cəhdinin uğursuz olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, agentlik uğursuzluğa peyki orbitə aparmalı olan raketin buraxılışdan bir qədər sonra havada partlaması səbəb olduğunu bəyan edib.

Pxenyanın rəsmi açıqlamasından bir qədər əvvəl Cənubi Koreyanın hərbi qurumları Şimali Koreyanın peyk cəhdinin uğursuz olduğunu iddia etmişdi. Cənubi Koreya Silahlı Qüvvələri qərargahının komandanlığı yerli vaxtla 22:44-də buraxılan raketin ehtimal olunan qalıqlarının buraxılışdan bir qədər sonra Yapon dənizində aşkarlandığını açıqlayıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Yaponiyanı mayın 27-dən iyunun 3-dək olan müddətdə hərbi kəşfiyyat peykini orbitə çıxaracağı barədə məlumatlandırıb. Pxenyanın peyki orbitə çıxarmaq cəhdi Cənubi Koreya, Çin və Yaponiya liderlərinin Seulda keçirilən üçtərəfli toplantısı ilə eyni günə təsadüf edib.

Şimali Koreya ötən ilin may və avqustunda iki uğursuz cəhddən sonra noyabrda hərbi kəşfiyyat peykini orbitə çıxarıb. Pxenyan “Malligen-1” kəşfiyyat peykinin Ağ evin, Pentaqonun və ABŞ-ın hərbi dəniz qüvvələrinin bazasının, habelə Cənubi Koreya ərazisində mühüm obyektlərin fotoşəkillərini çəkdiyini açıqlayıb. KXDR lideri Kim Çen In 2024-cü ildə daha 3 kəşfiyyat peykinin orbitə çıxarılacağını bildirmişdi.