11 iyun 2024 17:30
190

Şavkat Mirziyoyev: Azərbaycan və Özbəkistan arasında mədəni mübadilə intensivləşləşib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycan-Özbəkistan əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib.

“İki sahil” bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilən tədbirlərlə bağlı Özbəkistanda səfərdədir. Prezident Şavkat Mirziyoyev ilə görüşdə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin, o cümlədən prioritet olan humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub”, - məlumatda qeyd edilib.

Ş.Mirziyoyev son illər ölkələr arasında mədəni mübadilənin intensivləşdiyini qeyd edib.

Bundan başqa, intensiv dialoqun və “yol xəritəsi” əsasında zəngin mədəni tədbirlər proqramının davam etdirilməsinin, UNESCO, TÜRKSOY və ICESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində birgə təşəbbüslərin və layihələrin təşviqinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bu gün Özbəkistanda başlayan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində şair və mütəfəkkir Məhəmməd Füzulinin kitabının təqdimatı olub. Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sərgilər, tamaşalar və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.