14 iyun 2024 16:49
276

Tikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir.

“İki sahil” xəbər verir ki,  yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manat sərmayə qoyulub.

Zavodda tikinti kimyəvilərin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müasir, müxtəlif təyinatlı su izolyasiya materialların və zəmin döşəmə məhsulların istehsalı da nəzərdə tutulur.

“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır.

Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.