15 iyun 2024 21:12
200

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Heydər Əliyev şəxsiyyəti sayəsində Azərbaycan dövlətçiliyi xilas edildi, möhkəm sabitliyin əsasları və respublikanın gələcək inkişafı üçün zəmin formalaşdı.

Bu barədə 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentinin sədri Zorlu Törenin agentliyə daxil olan təbrikində deyilir.

ŞKTR parlamentinin sədri Azərbaycan xalqının Ümummilli Liderinin kursunun tarixi rolunu və əhəmiyyətini vurğulayıb.

Təbrik mesajında deyilir: “Heydər Əliyev xaos və Azərbaycan əhalisinin rifahının ciddi şəkildə aşağı düşdüyü bir dövrdə hakimiyyət sükanı arxasına qayıtdı. O, çoxsaylı daxili və xarici çağırışlar, təhdidlər qarşısında ağsaqqal müdrikliyi, güclü dövlət xadimi mətanəti göstərdi ki, bu da Azərbaycanı dərin böhran vəziyyətindən çıxarmağa, ölkədə sabitliyi bərpa etməyə imkan verdi”.

ŞKTR parlamentinin sədri vurğulayıb ki, Azərbaycanın yüksəlişinin başlanğıcı, respublikanın siyasi, iqtisadi, mədəni inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.

O qeyd edib ki, Milli Qurtuluş Günü qardaş Azərbaycan xalqı üçün sadəcə növbəti bayram deyil, həm də həyatın bütün sahələrində tarixi dönüş günüdür: “15 İyun dost dövlətin qürur günüdür. Həqiqətən əlamətdar olan bu gündə Azərbaycanın xilaskarı Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirəm”.

AZƏRTAC