22 iyun 2024 02:57
438

Dövlətimizin dayağı, xalqın qüruru - Azərbacycan Ordusu

İyunun 26-da yaranmasının 106-cı ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz şanlı Azərbaycan Ordusu hər birimizin qürur yeridir. Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması ilə əlamətdar olmuşdur.

 Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malik hadisə oldu.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçımız tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2003-cü ildən bəri keçən dövr ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də hərbçilərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb.

Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoyub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu. Ötən ilin sentyabrın 20-də Qarabağdakı separatçı-terroru hərbi xuntanın məhvi ilə nəticələnəb bir günlük lokal antiterror tədbirlərinə kimi ordumuz dəfələrlə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl ataraq Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi daxil oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.

Artıq 30 illik həsrətdən,  nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını  kəsdi.

2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi şərəfinə Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etdilər.  Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi Qələbəmizin paradı idi. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. 

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli Bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin Zəfər zirvəsinə, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsinə çevrildi. Xalqımız dövlətimizin başçısının son 20 illik Prezidentlik fəaliyyəti zamanı xreallığa çevirdiyi bütün uğurların şahidləridir xüsusilə də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli Bayrağımızı ucaltmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bu il Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində hərbi paradın keçirilməsi ilə bir daha tarixi ədalətə əsaslanan siyasətinin uğurlarını, hərbi gücünü nümayiş etdirdi.

Son vaxtlar aparılan islahatlar fonunda Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması, Komando briqadalarının yaradılması ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində atılmış ən önəmli addımlardandır.  Müdafiə Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələri 2022-ci ildə yaradılmış Milli Müdafiə Universitetində birləşdirildi, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin sayı çoxaldıldı, döyüş hazırlığına və peşəkarlığın artırılmasına diqqət və qayğı daha da artırıldı, müasir hərbi texnikanın əldə edilməsi davam etdirildi.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.Bu gün şanlı ordumuz təkcə ölkəmizdə deyil, həmçinin bütün Cənubi Qafqazda sülhün və əmin-amanlığın əsas təminatçısı olmaqla xalqımızın əsl qürur mənbəyidir.

Yaqut Ağaşahqızı, “İki sahil”