25 iyun 2024 00:46
397

Dünyanın “yaşıl nəbzi” Bakıda döyünəcək

Xeyli müddətdir ki, dünyada baş verən iqlim dəyişmələri ilə mübarizə qlobal gündəliyi zəbt etmiş mövzulardan biri kimi həlli vacib prioritet məsələlərdən sayılır. Artıq Yer sakinlərinin ortaq probleminə çevrilmiş iqlim böhranının fəsadları əksər ölkələrin sabit inkişafına əngəl törətməklə yanaşı, sadə insanların gündəlik həyatına, onların güzəranına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir.

Azərbaycan beynəlxalq səviyyədə bu mübarizəyə dəstək göstərən və problemlərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyəti ilə fərqlənən dövlətlər sırasındadır. Ölkəmizin planetin qlobal gündəliyində duran aktual məsələlərin həlli istiqamətində irəli sürdüyü yeni yanaşmalar, təklif etdiyi “Yol xəritəsi” beynəlxalq miqyasda təqdir olunur. Məlumdur ki, noyabr ayında dünyanın “yaşıl nəbzi” Bakıda döyünəcək. Bu, son illər beynəlxalq miqyaslı, çox nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən ölkəmizə olan inamın daha da artmasının göstəricisidir.  

Bu gün Azərbaycan liderinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsidir. Məhz bu baxımdan Azərbaycanda keçiriləcək COP29 tədbiri böyük əhəmiyyətə malikdir. Ölkəmiz BMT-nin bu mötəbər sammitinə hərtərəfli hazırlaşır. Bakının məqsədi ev sahibi kimi iqlim kataklizmlərindən əziyyət çəkən bütün ölkələrlə körpülər qurmaqdır. Bu nöqteyi-nəzərdən ötən ilin sonunda Azərbaycan dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülməsini həm də tarixi fürsət kimi dəyərləndirir.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir: “Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq. Eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq”. Dövlətimizin başçısı toplantı iştirakçılarına müraciətində COP29-a hazırlıqla bağlı Bakıda başlayıb, işğaldan azad edilmiş Zəngilanda yekunlaşan tədbir çərçivəsində dəyərli qonaqların, tərəfdaşların Azərbaycanla zəngin təcrübə və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Qlobal istiləşmənin qarşısını almaq üçün bugünədək dünya ictimaiyyəti tərəfindən mühüm addımların atıldığına diqqəti çəkən Azərbaycan Prezidenti qarşıda hələ yeni çağırışların, gündən-günə ciddiləşən problemlərin dayandığını da xatırladıb. Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi, nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək. Dövlətimizin başçısı müraciətinin sonunda COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılacağına, planetimiz üçün həyati əhəmiyyət kəbs edən qərarların qəbuluna öz töhfəsini verəcəyinə inandığını xüsusi vurğulayıb.

Göründüyü kimi, Azərbaycan bütün xarici tərəfdaşlarına özünün milli iqlim fəaliyyəti ilə bağlı planlarına dəstək olmaq, şəffaf hesabatları vasitəsilə öz ambisiyalarını yüksəltmələrinə kömək etmək üçün çalışır.

Hazırda iqlim dəyişmələri ilə bağlı Azərbaycanın təhsil sahəsində də müəyyən addımlar atılır, orta məktəblərdə maarifləndirmə işləri aparılır. Gənclərə qlobal iqlim dəyişmələrinin fəsadları, təbiətə və insanlara zərərli təsirləri anlaşılan formada öyrədilir. Bunu sürətlə korlanmaqda olan su, hava, torpaq, yerin təki kimi, millətin genefondu da tələb edir.  Təsadüfi deyil ki, 11 iyun tarixindən etibarən  Azərbaycanda gənclər arasında iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq və iqlim dəyişikliyi ilə mübarizənin önəminə diqqət çəkmək üçün “İqlim Həftələri” adlı regional proqramın icrasına start verilib.

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən bu proqram ölkənin COP29-a hazırlaşdığı ərəfədə gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirmək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb etmək məqsədini daşıyır.

Lənkəran şəhərindən start götürən layihə çərçivəsində ölkənin 10 rayonunda yaşayan yeniyetmələr və gənclər üçün iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi barədə məlumatlandırma sessiyaları təşkil ediləcək. Sessiyalar yeniyetmələri və gəncləri öz ətraf mühitlərini öyrənmək, ona qayğı göstərmək və qorumaq üçün biliklər, səriştələr və imkanlarla təmin edəcək.

Gənc İqlim Elçiləri tərəfindən icra olunan "İqlim Həftələri” layihəsi iqlim dəyişmələrinə həsr olunan tədbirlərdə fəal və faydalı iştirakın dəstəklənməsinə istiqamətlənib. Belə ki, Gənc İqlim Elçiləri ölkənin müxtəlif yerlərinə səyahət edərək, yerli gənclərlə interaktiv müzakirələr və məsləhətləşmələr təşkil edəcək, onları dinləyəcək və iqlim tədbirlərində iştirak etməyə həvəsləndirəcəklər.

Nigar Orucova, “İki sahil”