26 iyun 2024 00:10
204

“Atamı öldürmüşəm goruna and içməyə”...

Xəyanət və avantüra AXCP sədri Əli Kərimlinin “siyasi fəaliyyətinin” əsas xüsusiyyətləridir

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri, ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etməsi düşmənlərimizin, öz çirkin maraqları naminə bölgəmizdə sülhü, sabitlyi istəməyən qüvvələrin əməlli-başlı narahatlığına səbəb olub. Ayrı-ayrı güc mərkəzlərinin maraqlarının toqquşduğu bu regionda gərginliyin hökm sürməsi, davamlı sülhün reallığa çevrilməməsi, qeyri-stabillik yaradan münaqişələrin baş verməsi həmin dairələr üçün prioritetdir.

Tarixi həqiqət və müasir gerçəklik ondan ibarətdir ki, 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsini şanlı Qələbə ilə başa vuran, düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur edən Azərbaycan döyüş meydanında qazandığı möhtəşəm Zəfəri bu gün diplomatik sahədə uğurla davam etdirir. Azərbaycan ilk təşəbbüsü irəli sürən tərəf kimi ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında  Ermənistanla sülh sazişini imzlamağa hazır olduğunu  daim bəyan edir. Ölkəmiz sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarı kimi ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərini daim davam etdirir.

Çox təəssüf ki, regionda təhlükəsizliyin təmin edilməsini istəməyən qüvvələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaq istiqamətində öz destruktiv əməllərini davam etdirirlər. Həmin dairələr bu məqsədlə öz kirli texnologiyalarını işə salaraq ən çirkin vasitələrdən istifadə edirlər. Məlum qüvvələr dairələr bu məqsədlə  başda AXCP sədri Əli Kərimli olmaqla ölkəmizdəki radikal müxalifət düşərgəsinin təmsilçilərini, necə deyərlər, səfərbər ediblər. Uzun illərdən bəri öz korporativ maraqları, şəxsi ambisiyaları naminə düşmən dəyirmanına su tökən dağıdıcı müxalifətin “başbilənləri”, xüsusilə Ə.Kərimli və dəstəsi anti-Azərbaycan dairələrdən aldığı qrantlar müqabilində bu absurd teatrda öz maşa rollarını böyük məharətlə oynayırlar. Məlum antimilli dəstənin son zamanlar sosial şəbəkə seqmentlərində ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq istiqamətindəki əsassız iddialarının, yalan və böhtanlarının sürətli artım dinamikası, intensiv xarakter alması bu xəyanətkarların, xüsusilə də Ə.Kərimlinin Azərbaycan əleyhinə fəaliyyət göstərən qərəzli dairələrlə işbirliyində olmasını bir daha təsdiq edir. Qərbdəki bəzi beynəlxalq təşkilatlara Azərbaycan haqqında şər-böhtan dolu donoslar göndərən AXCP sədri onlarla işbirliyinə girərək həmişə öz xəyanətkar simasını ortaya qoyub. Ə.Kərimlinin dünən sosial şəbəkə seqmentlərində  “WikiLeaks”-in qurucusu Culian Assanjla bağlı yazdıqları bunu bir daha sübut edir.

Əslində bütün bunlar cəmiyyətimiz üçün bir o qədər də təəccüblü görünmür. Çünki Ə.Kərimli və onun ətrafındakılar təxminən 30 ildir ki, milli maraqlarımıza xəyanət etməklə məşğuldurlar. İctimaiyyətimiz də yaxşı bilir ki, bu adamın mayası xəyanətlə yoğrulub. Ə. Kərimli öz liderinə belə xəyanət edən bir şəxsdir. Vaxtilə AXC sədri Əbülfəz Elçibəy Türkiyədə Gülhanə xəstəxanasında ağır xəstəlikdən müalicə olunanda Ə.Kərimli “Azadlıq” qəzetində Qənimət Zahidin vasitəsi ilə öz lideri haqqında şər-böhtan kampaniyası aparırdı. Ə.Elçibəy 90-cı illərin ortalarında Kələkidə olarkən Ə.Kərimli “cəbhə”nin idarəçiliyini ələ almış, inhisarında olan qəzetlərin muzdlu mirzələrinə onun barəsində dilə gətirilməsi mümkün olmayan təhqirlər yazdırmışdı.

Təbii ki, keçmiş dövlət başçısı, AXCP-nin sədri mərhum Ə.Elçibəy ömrünün son illərində müavini və “yetirməsi” olan Ə.Kərimli haqqında həqiqətləri söyləmişdi. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim, digəri əli isə başqalarının cibindədir.

Deyirlər, söz sözü gətirər, arşın bezi. İyunun 24 də Ə.Kərimlinin Ə.Elçibəyin məzarı başında ikrahdoğurucu, qeyir-səmimi, boğazdan yuxarı pafoslu çıxışı yadımıza bir ata sözünü saldı. Həmin müdrik kəlamda belə deyilir: “Atamı öldürmüşəm goruna and içməyə”...

Başqa cür ola bilməz. Çünki bu xəyanət və avantüra Ə.Kərimlinin “siyasi fəaliyyətinin” əsas xüsusiyyətləridir.

Zahid Rza, “İki sahil”