26 iyun 2024 00:45
205

Azərbaycan nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirir ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Zəngin enerji resurslarına malik olan ölkəmiz 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə  iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək imkanı qazandı. Ölkəmizin bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bunu aydın şəkildə görürük. Baxmayaraq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasında stimulverici amil oldu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Məhz o illərdə yaradılan möhkəm təməlin nəticəsində bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan investisiya cəlbediciliyini qoruyan ölkədir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardan çoxdur ki, bunun da 200 milyard dolları  qeyri-neft sektorunun payına düşür.

Dövlət başçısı İlham Əliyev iyunun 21-də  “Euronews” televiziyasına müsahibəsində də bu kimi məqamlara xüsusi diqqət yönəltdi. Belə ki, «Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir» söyləyən cənab İlham Əliyev onu da qeyd edib ki,  Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar”  bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında  230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu.  İyunun 21-də isə  ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimi keçirildi.  Bu, yalnız başlanğıcdır.  Çünki  orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir.

Göründüyü kimi,  özünün bərpaolunan enerji resurslarını dünyaya təqdim edir. Cənab İlham Əliyev həmin müsahibəsində, eyni zamanda, bu məqama da diqqəti yönəltdi ki, bu il ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilib.  Dövlətimizin başçısı qeyd etdi ki, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Azərbaycanın bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunun, enerji diplomatiyasının  uğurlarının təqdimatıdır.  Bu baxımdan qeyd edilir ki, bərpaolunan enerji növləri ilə bağlı hədəflərimiz aydındır. Dövlət başçısı İlham Əliyevin əminliklə vurğuladığı kimi,  çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir. Amma bu qədər imkanımız hələ  yoxdur.  Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib. Cənab İlham Əliyev sözügedən müsahibəsində də Azərbaycanın bərpaolunan enerji potensialından və əməkdaşlıq əlaqələrinin qurulması üçün mövcud imkanlardan bəhs edib. «Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri  tərəfdaşlarımızla həll etməliyik.

Prezident İlham Əliyevin hər bir çıxışı, müsahibəsi beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə çağırışlarla zəngindir. Hər zaman qeyd edilir ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb. Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək,  qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.

Rəqəmlər də təsdiqləyir ki, Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir. Azərbaycan tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir.  2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi də Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır. Prezidentin Sərəncamında da qeyd edildiyi kimi,  Azərbaycan  beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Bu günlərdə ölkəmizdə ənənəvi keçirilən Bakı Enerji Həftəsi çərçivəsində tədbirlərdə də enerji sektorundakı aktual məsələlər müzakirə edildi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.  Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə isə Azərbaycandır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Ölkəmiz  Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də  potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq.  O da bildirilir ki,  Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir.

Hər dövrün öz çağırışı vardır. Azərbaycan hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa səy göstərir. Reallıq budur ki, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir. İqlim dəyişmələri ilə mübarizəyə verilən  töhfələrin, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək.

Yeganə Əliyeva, «İki sahil»