28 iyun 2024 19:54
220

Bahar Muradova Abdelilah Benarafa ilə görüşüb - FOTO

Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində Mərakeş Krallığında səfərdə olan Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən baş qərargahında qurumun  baş direktorunun müavini  Abdelilah Benarafa  ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  Dövlət Komitəsinin sədrini və onu müşaiyət edən şəxsləri qərargahda salamlamaqdan məmnun olduğunu bildirən baş direktorun müavini Azərbaycanın bu təşkilata üzvlüyü çərçivəsində fəaliyyəti və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək  ailə məsələləri və  sosial siyasət sahəsində də əməkdaşlığın inkişafında  və birgə tədbilərin keçirilməsində maraqlı olduqlarını vurğuladı. 

Baş direktorun müavini  nümayəndə heyətinə Beynəlxalq Konfransda aktiv  iştiraka görə də öz təşəkkürünü bildirərək,Azərbaycanın İCESCO-nun ən etibarlı tərəfdaşı olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Bahar Muradova İslam Dünyasının birliyi və üzv ölkələrin ahəngdar inkişafına töhfələri ilə seçilən bu təşkilatın baş qərargahında olmaq və Dövlət Komitəsi ilə İCESCO arasında əməkdaşlıq haqqında müzakirə aparmaq  imkanının yaradılmasından məmnunluğunu ifadə edib.

Bu təşkilatla  Azərbaycan arasında əlaqələrin getdikcə daha çox sahələri əhatə etdiyini vurğulayan sədr münasibətlərin bu səviyyədə inkişafında, faydalı və geniş məzmunlu olmasında Azərbaycanın Birinci vitse-prezidenti, İCESCO-nun xoş məramlı səfiri xanım  Mehriban Əliyevanın müstəsna rolu barədə danışıb.

Görüş zamanı Beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın inkişafının təşviqi, əsasən sosial və humanitar sahələrin inkişafı, qadın və gənclərin bacarıqlarının artırılmasına dair fikir mübadiləsi aparılıb.

Həmçinin Şuşa şəhərinin 2024 cü ildə  İslam dünyasının Mədəniyyət paytaxtı elan edilməsinin  bu istiqamətdə fəaliyyətə böyük təkan verdiyi də xüsusi vurğulanıb.

Tərəflər İCESCO və Azərbaycan arasında xüsusi münasibətlərin inkişaf etdirilməsi istiqamətlərini də müzakirə ediblər.