05 iyul 2024 02:59
279

Makronun idarəçiliyi Fransa tarixinə tənəzzül və iflas illəri kimi düşəcək

Paytaxt Parisi və regionları iğtişaşlar bürüyüb

Fransanın səkkizinci prezidenti kimi tarixə düşən Emmanuel Makronun riyakar və yarıtmaz siyasəti Fransanı xaos, vətəndaş müharibəsinə sürükləyir. 30 iyun ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri, gözlənildiyi kimi, ultrasağ “Milli Birlik” Partiyasının qələbəsi ilə başa çatıb. Seçicilər yekun qərarını, iyulun 7-də verəcəklər.

Qeyd edək ki, növbədənkənar seçkiləri Fransa prezidenti Emmanuel Makron iyunun 9-da prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə ciddi məğlubiyyəti fonunda təyin edib.

Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin birinci turu Yeni Kaledoniyanın Uailou kommunasında seçki məntəqələrində səsvermə pozulub. “Outre-mer La Premiere” telekanalının məlumatına görə, naməlum şəxslər şəhər meriyasının girişini avtomobillə bağlayıb və onu yandırıblar. Hadisə Avropa vaxtı ilə iyunun 30-a keçən gecə, meriya binasında seçki məntəqələri açılmazdan əvvəl baş verib. Yanan avtomobillə yanaşı, naməlum şəxslər girişdə ağır beton blok və ağacdan baryerlər qoyublar. Nəticədə nə seçicilər, nə də kommunanın meri binaya daxil ola bilməyib, seçki qutuları da quraşdırılmayıb.

Yeni Kaledoniyada da seçkilər xüsusilə gərgin ab-havada keçirilir, çünki hökumətin başlatdığı seçki islahatına etirazlar hələ də tam səngiməyib. İslahata əsasən, yerli xalqlarla yanaşı, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan vətəndaşlara da səsvermə hüququ verilir. May iğtişaşlarından sonra adaya əlavə polis və jandarm dəstələri göndərilib. Onlar dövlət qurumlarının fəaliyyətini təmin edir, etirazçıların yollarda qurduqları barrikadaları aradan qaldırırlar.

Parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra da paytaxt Parisi və regionları iğtişaşlar ağuşuna alıb. Başlayan nümayişdə “Qara blok” (“Black bloc” - red) hərəkatının radikalları xüsusi fəallıqları ilə fərqləniblər. Hadisələr parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Nümayiş əvvəlcə sakit keçib, iştirakçılar səsvermənin nəticələrindən narazılıqlarını ifadə edərək antifaşist şüarlar səsləndiriblər. Sonra onlara hərəkatın radikal gəncləri qoşulub. Onlar atəşfəşanlığa və məşəl yandırmağa, daha sonra kafelərin vitrinlərini dağıtmağa və zibil qutularını yandırmağa başlayıblar. Polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Seçkilərin ikinci turundan sonra da etirazların artacağı gözlənilir. Məsələn, fransız siyasətçi, "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo deyib ki, Makron müxalifətin iki blokunu öz aralarında fərqli baxışlarla toqquşduraraq dövlətdə xaosa səbəb olmağa çalışır.

"Seçkilərin ilk turundan sonra vəziyyətin qeyri-müəyyən olduğunu görürük. Gələn həftə "Milli Birliy"in mütləq çoxluq qazanması mümkündür, lakin bu, hələ həll olunmayıb. Heç kimin qazanmaması da mümkündür və bu, xaos deməkdir", - deyə Filippo izah edib. Siyasətçinin sözlərinə görə, Fransa prezidenti konstitusiyanın ona tam hakimiyyət verəcək 16-cı maddəsini tətbiq edə biləcəyinə ümid edirdi: “Bu, reallıqdır, hətta Fransa mediası da bu barədə yazıb".

Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərdə acınacaqlı məğlubiyyət, həmçinin seçkilərdən sonra ölkəni bürüyən iğtişaşlar Makron siyasətinin iflasından xəbər verir. Makronun məğlubiyyəti daxili və xarici siyasət problemlərinin təsiri, populist partiyaların yüksəlişi və iqtisadi vəziyyətin pisləşməsi kimi müxtəlif səbəblərlə izah edilə bilər. İqtisadiyyatda geriləmələrə və ciddi narazılıqlara yol açan mənfi proseslərin əsas səbəbi kimi Prezident Emmanuel Makron hökumətinin səriştəsizliyi göstərilir. İfrat sağçı lider Marin Le Pen də Makron administrasiyasının dövlət maliyyəsini idarə etməsini “fəlakətli” adlandırıb və hökumətin “təkəbbürlü olduğu qədər də bacarıqsız” fəaliyyət göstərdiyini bildirib.    

Eyni zamanda, Yelisey Sarayının Afrikada, dənizaşırı ərazilərdə kəskin etirazlarla üzləşdiyinin şahidi oluruq. Fransa getdikcə daha çox sayda keçmiş və hazırkı müstəmləkə ölkələrindən biabırcasına qovulur. Yeri gəlmişkən, Yelisey Sarayının Cənubi Qafqaz siyasəti də adekvat deyil. Makron hökumətinin burada regionun lider dövləti olan Azərbaycanın yaratdığı reallıqları nəzərə almaması, birtərəfli qaydada Ermənistanı dəstəkləməsi, məğlub ölkəni revanşizmə həvəsləndirməsi əslində, rəsmi Parisin Cənubi Qafqaz siyasətinin sonunu gətirib.

Göründüyü kimi, Fransa Prezidenti Emmanuel Makronun siyasi kimliyi bir çox təzadlarla doludur. Ölkəsində baş verən daxili proseslərdən tutmuş Makronun dünya siyasi arenasındakı hadisələrə münasibətinə qədər bir çox amil onun liderlik keyfiyyətlərinin keyfiyyətsiz və yetərsiz olduğuna dəlalət edir.

Bu da Emmanuel Makronun seçkilərin ikinci turunda da qazanmaq şansının olmadığını göstərir. Nəticədə Makronun idarəçiliyi Fransa tarixinə tənəzzül və iflas illəri kimi düşəcək.

Nigar Orucova, “İki sahil”