05 iyul 2024 02:18
286

Türk dünyası ailəsinin Şuşa görüşü

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının (TDT) rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Hətta Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bildirmişdi ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Dövlətimizin başçısı  iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən də bunu bir daha vurğulayıb. Bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə iyulun 5-6-da  Şuşada 8 ölkə liderinin iştirakı ilə keçiriləcək TDT-nin qeyri-rəsmi Zirvə görüşünü həmin ailənin növbəti işgüzar toplantısı adlandırmaq olar.

Şübhəsiz, bu tədbir birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addımdır. Həmin görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Dövlət başçımızın qeyd etdiyi  kimi, çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Şübhəsiz, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində belə bir tədbirin təşkili, daha doğrusu, qardaş ölkələrlə bu məsələlərin müzakirəsi çox faydalıdır. Yeri gəlmişkən qeyd edək ki, Orta Dəhlizin fəaliyyətə başlamasının və yükdaşımaların artırılmasının göz önündə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, burada TDT-yə üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər: “Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq”.

Yeri gəlmişkən qeyd edək ki, iyulun 3-də Astanada Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə keçirdiyi görüşdə bildirib ki, nəqliyyat infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir: “Biz mahiyyət etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət göstəririk. Əlbəttə, bugünkü və sabahkı tədbirlər çərçivəsində bu mövzu daha geniş müzakirə ediləcək. Həmçinin bu, bir neçə gün sonra keçiriləcək və Sizi yenidən Qarabağda görməyimizə şad olacağımız Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacaq”.

O ki qaldı, ailənin bu tədbirinin Zəfər, qürur simvolumuz olan Şuşada keçirilməsinə. Bu, hər şeydən əvvəl  böyük rəmzi məna daşıyır. Bu, həm də azad olunmuş ərazilərda, o cümlədən Şuşada qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir. Belə ki, Şuşa 4 ildir ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Yeri gəlmişkən, heç bir quruma, dövlətə, birliyə qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymayan TDT-yə üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Üstəlik,  azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. İşğaldan azad edilmiş torpaqlarda icra olunan layihələrin podratçılarının əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Bütün bunları azad edilmiş torpaqlarda türk dünyası birliyinin əyani təzahürü kimi dəyərləndirmək olar.  Bu, həm də  türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir. İndiki məqamda da əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı daha da genişləndirməkdir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında yaxından iştirak edən Türk dünyasının dövlətləri həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəlki və sonrakı dövrlərdə, bütün beynəlxalq səviyyəli tribunalarda ölkəmizin haqq səsinə səs veriblər.  Hətta Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Təşkilatında təmsil olunan qardaş ölkələr İrəvana deyil, məhz Azərbaycana dəstək nümayiş etdiriblər. Şübhəsiz, bu, Azərbaycan siyasi rəhbərliyinin yürütdüyü düzgün diplomatiyanın, səmimi dostluq, qardaşlıq münasibətlərinin nəticəsində mümkün olub.

Ölkə başçısı İlham Əliyev hələ bir neçə il əvvəl təşkilatın gözəl gələcəyinin olacağını böyük uzaqgörənliklə bildirərək demişdi: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”. Bu gün ciddi bir təşkilata çevrilən, 200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, türk dövlətlərinin ənənəvi dəyərlər üzərində inkişafında mühüm rol oynayan TDT-yə üzv olan bütün dövlətlər dostluğun və tərəfdaşlığın möhkəmlənməsinə ciddi səy göstərirlər. İmzalanan sənədlər, əldə olunan razılaşmalar bunu bir daha sübut edir. Bütün bunlar isə Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək, xarici təzyiq və təsirlərdən səmərəli şəkildə qorunmağa hesablanıb. Bu mənada məhz Şuşada keçiriləcək TDT-nin qeyri-rəsmi Zirvə görüşü  türk dünyasının daha sıx birləşməsinə, türk coğrafiyasında inteqrasiyanın daha da dərinləşməsinə də yeni müsbət çalarlar əlavə edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”