07 iyul 2024 20:51
336

Borrel Orbanı niyə hədəfə alıb? - ŞƏRH

Sən demə, iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Macarıstanın Baş naziri Viktor Orbanın və  Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın iştirakı Avropa İttifaqı (Aİ) rəhbərliyini narahat edibmiş. Hətta  bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel açıqlamasında bildirib ki, Macarıstanın Baş naziri Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Aİ-ni təmsil etməyib.

Bu həmin Borreldir ki, Azərbaycanın reinteqrasiya təklifini rədd edərək, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından “ürək ağrısı” ilə söz açıb. Bununla da o, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirinin məram və məqsədlərini təhrif etməyə cəhd edib. O həmin Borreldur ki, Qarabağda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş bir qrup separatçının azad olunması istiqamətində Azərbaycana çağırış edib. Bir sözlə, bu həmin Borreldir ki, həmişə ölkəmizə qarşı düşmən mövqedə olub.
Halbuki,  Macarıstanın baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Zirvə görüşündə Aİ-ni   təmsil etməsinə dair iddia da irəli sürməyib. Sadəcə, Macarıstanın Baş naziri, yəni öz ölkəsinin lideri kimi həmin tədbirdə iştirak edib. Çıxışında da sadəcə Macarıstanın Avropa İttifaqına sədrliyinin prioritetlərindən danışıb. Bu mənada Borrelin söylədiklər sözün həqiqi mənasında cəfəngiyyatdır.

Sadəcə, ermənidən betər erməni kimi tanınan Borrel həmin fikri ilə Macarıstanın Baş nazirinin Qarabağən tacı Şuşaya səfərinə, eləcə də Zirvə görüşünə kölgə salmağa cəhd edib. Onun fikrincə, guya Şuşa mübahisəli məkanmış. Elə bu səbəbdən Avropa dövlətlərinin siyasi xadimləri, diplomatları bu şəhərə getməməlidirlər. Niyə? Qarabağ əzəli və əbədi Azərbaycan toroağıdır. Şuşa heç zaman mübahisəli məkan sayıla bilməz. Olmaya onun bunlardan xəbəri yoxdur? Təbii ki, var. Görünür, bu dəfə də erməni diasporu bu məsələdə onu əməli başlı yemləyib. Bu mənada özü Kataloniyadan olsa da, müstəqillik eşqi ilə yaşayan həmvətənlilərinə nifrəti ilə seçilən Borrell ixtiyar çağında şəxsi marağını güdməklə məşğuldur. Elə onu dilləndirən də bu maraqdır.

Şübhəsiz, Borrelin bu sayıqlamasında başqa notlar da aydın görünür. Belə ki, bir müddət öncə Orban son beş ili Avropa İttifaqı tarixində ən uğursuz dövr kimi səciyyələndirib. O, bu uğursuzluğa görə Avropa Komissiyasını və Brüsseldəki elitanı tənqid edib. Hətta  Baş nazir Orban Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin tərəfdarı olduğunu bildirmişdi. Lakin Orbanın tənqidlərinə baxmayaraq, Ursula fon der Lyayen yenidən Avropa Komissiyasının prezidenti vəzifəsinə layiq görülüb. Bundan əlavə, Portuqaliyanın sabiq baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti postunda Şarl Mişeli, Estoniyanın baş naziri Kaja Kallas isə Avropa diplomatiyasına rəhbərlik edən Jozep Borreli əvəzləyəcək. Görünür, Borrel bu uğursuluğunun günahkarı kimi məhz Orbanı görür. Odur ki, onu hədəfə alıb. Xatırladaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək Aİ Şurasına sədrlik edir.

Yeri gəlmişkən əksər erməni saytlarında bu barədə yazılar dərc olunub. Həmin yazıların birində deyilir ki, səfəri zamanı Orban Azərbaycan Prezidenti İlham Əliyevə minlərlə insana regionda sülh şəraitində yaşamaq imkanı verdiyinə görə təşəkkürünü bildirib və belə bir imkanın Avropada da mövcud olacağına ümid etdiyini bildirib. Cənablar, tələsməyin belə bir imkan da olacaq. Bunun isə sadəcə zamana ehtiyac var.

Bundan əlavə, Borrel TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini də pisləyib. Halbuki, ŞKTC 50 ildir müstəqil dövlət kimi fəaliyyət göstərir. Di gəl, Avropa dövlətləri hələ onu tanımaq istəmirlər və bu siyasətlərini indi də davam etdirirlər. Amma  Borrel kimilər bir zamanlar Qarabağda ermənilərə ikinci “müstəqil dövlət” qurmaq üçün dəridən-qabıqdan çıxırdılar.

Bütun bunlar isə bir daha onu göstərir ki, “Qoca qitə”nin "demokratik" təsisatı olan Aİ Borrelin simasında türk dövlətlərinə qarşı  qərəzli siyasətindən əl çəkmək niyyətində deyil. Ancaq bu kimi fitəkar addımların bir qara qəpiklik siyasi dəyəri yoxdur. Necə deyərlər, it hürər, karvan keçər..

Qvami Məhəbbətoğlu, “İki sahil”