18 iyul 2024 00:15
506

Yeni dövrün yeni hədəfləri mətbuatımızın qarşısında mühüm vəzifələr qoyur - ŞƏRH

Mətbuatının keçdiyi çətin və şərəfli yolun ümumiləşdirilmiş ifadəsi bu gün qalib, bütövləşən Azərbaycanın uğurlarının, Zəfərlərinin müjdəçisi olmasıdır    

Atılan addımlar tarixi Zəfər ilə dünyaya səs salan Azərbaycanın mediasının yeni reallıqlara uyğunlaşdırılmasında, azad mətbuatın hərtərəfli inkişafında öz sözünü deyir. Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Azərbaycan Prezidentinin mətbuata qayğısı media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilərək böyük minnətdarlıq hissi ilə qarşılanır. 

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar  edilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilir.  2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Daim bu çağırışlar  səsləndirilir ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Böyük Zəfərinin müjdəçisi

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

 Şuşa qlobal media nümayəndələrini bir araya gətirən mərkəzdir

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. İşğaldan azad edilmiş Ağdamda və Zəngilanda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumları bu torpaqlarda görülən işlərin, eyni zamanda, ermənilərin 30 illik işğal dövründə ərazilərimizdə törətdikləri vəhşiliklərin  beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Son 4 ilə yaxın müddətdə Qarabağın tacı Şuşa iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Dünya azərbaycanlılarını, eyni zamanda, bütün türk dünyasını bir araya gətirən Şuşa media nümayəndələrinin bu məkanda toplaşaraq günümüzün aktual məsələlərini müzakirə etməsinə, həqiqətlərimizi daha dərindən, faktlar əsasında öyrənərək onların təbliğinə geniş imkanlar yaratdı. Belə ki, ötən il Milli Mətbuat Günündə  “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu, bizim ölkəmiz üçün və əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir. Cənab İlham Əliyev bu məkandan Azərbaycan reallıqlarını dünyaya çatdırdı.  Tədbirin  keçirilməsini dövlətimizin başçısı belə əsaslandırdı ki, 2022-ci ildə  Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə mən bu tədbirdə iştirak etmədim. Prezident Administrasiyasına göstəriş verdim ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır. Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar. Üç saata yaxındır ki, bir yerdəyik: “Əminəm ki, siz bu müzakirələr sayəsində ölkələrinizə çox yaxşı nəticələrlə qayıdacaqsınız. Bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaqdır. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin.”

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak etdi. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə edildi.  Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə etdilər. Çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa  müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Qlobal Media Forumu bu il keçiriləcək. İlk Forumun iştirakçılarının say tərkibi tədbirin əhəmiyyətinə işıq saldı. Azərbaycan bütün platformalardan istifadə edərək həqiqətlərini əsaslı şəkildə beynəlxalq ictimaiyyətin  diqqətinə çatdırır. İnformasiya mübarizəsi bütün dövrlər üçün əsas çağırışdır.

Ölkəmizin yeni dövrə qədəm qoyub

Birinci  Şuşa Qlobal Media Forumundan ötən dövr ərzində qalib Azərbaycanın uğurlarının miqyası olduqca genişdir. Ən əsası müstəqillik tariximizin davamlı Zəfər səhifələri yazıldı. Ötən ilin 20 sentyabr tarixi Azərbaycanın  suverenliyinin tam təmin edildiyi, ölkəmizin yeni dövrə qədəm qoyduğu tarixdir. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımızda qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı dalğalanır.  Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev son 20 ildə verilən bütün vədlərin yerinə yetirildiyini böyük qürur hissi ilə qeyd etdi. Bu il 28 May-Müstəqillik Günündə xocalılar doğma yurd-yuvalarına qayıtdı. Bu ilin sentyabr ayında isə Xankəndi şəhərinə  köç başlayacaq. Hazırda 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Ümumilikdə Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilə qədər 140 min  sakinin doğma yurd-yuvalarına qayıdışı nəzərdə tutulur.

Builki Qlobal Media Forumunda Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri, cənab İlham Əliyevin  ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi, dövlətimizin başçısının keçirdiyi hisslər diqqətdə olacaq. Müstəqillik tariximizin  qürurverici səhifələrinin zənginliyi media nümayəndələrinin qarşısında mühüm vəzifələr qoyur.  Qalib, bütövləşən Azərbaycanın yeni dövrünün hədəfləri  ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində bütün sahələrdə qarşıda dayanan vəzifələrdən geniş bəhs edərək  böyük qürur hissi ilə bildirdi: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”

Hər dövrün öz çağırışları vardır. Azərbaycanın bu çağırışları yüksək səviyyədə yerinə yetirməsi uğurlarının davamlılığını təmin edir. Tezliklə Böyük Qayıdış Proqramı tam tərkibdə yerinə yetiriləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdaraq bu torpaqlarda yeni həyata başlayacaq. Bu ərazilərin malik olduqları potensialdan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı iqtisadi inkişafına böyük töhfələr veriləcək. Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması digər sahələr kimi, mətbuatda da mühüm addımların atılmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə geniş imkanlar yaradacaq.

Bu ilin mühüm hadisələrindən biri də Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyi olacaq. İkinci Şuşa Qlobal Media Forumunda  beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizə nələri vəd etdiyi təhlil ediləcək. Bu tədbir ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır. Azərbaycanın  iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə fəal iştirakı, verdiyi töhfələr müzakirə ediləcək əsas məsələlər sırasında olacaq.

Qısa təhlil bu qənaətə əsas verir ki, Birinci Şuşa Qlobal Media Forumundan ötən bir il Azərbaycanın həyatında mühüm hadisələrlə yadda qalıb. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesi də qaçılmazdır. Bu addımın atılması üçün heç bir maneə yoxdur. Suverenliyimiz tam bərpa edilib. Eyni zamanda, bu Zəfərimizi də xüsusi qeyd etməliyik ki, heç bir vasitəçi olmadan Qazaxın 4 kəndi işğaldan azad edildi. Azərbaycan hər bir sahədə davamlı uğurları ilə diqqətdədir. Bütün bunlar onu deməyə əsas verir ki, son bir il  mətbuatımız üçün də çox məhsuldar il olub. Yeni-yeni uğurların, Zəfərlərin müjdəçisi olmaq media qurumlarının  əsas arzularıdır. Soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışlarından böyük qürur hissi ilə bəhs edən  media orqanları tezliklə Qərbi Azərbaycana qayıdışın müjdəçisi olacaqlar. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti hər bir hədəfə nail olmağa stimul verir.

Yeganə Əliyeva, “İki sahil”