19 iyul 2024 18:21
414

COP29 sədrliyi tərəfindən bütün tərəfdaşlara gələcək yol xəritələri göndərilib

İqlim Maliyyəsi Fondunun (Climate Finance Action Fund) yaradılması təşəbbüslərimizdən biridir.

“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.

O qeyd edib ki, yeni maliyyə mexanizminin yaradılmasını təklif edirlər: "Biz iqlim üçün qrant əsaslı maliyyələrin ayrılmasını təklif edirik. Bu fond vasitəsilə biz 1 milyard dollar vəsait toplamağa çalışırıq". Y.Rəfiyev vurğulayıb ki, COP29 sədrliyi tərəfindən bütün tərəfdaşlara gələcək yol xəritələri göndərilib:

"Bunu hazırlamaqda bizə dəstək göstərən bütün qurumlara təşəkkür edirik. BMT Baş katibinə fəaliyyət gündəliyinin hazırlanmasında verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm".

COP29-un baş danışıqçısı onu da diqqətə çatdırıb ki, qrant əsaslı töhfələri lazım bilmələrinin səbəbi kiçik ada dövlətləridir:

"Kiçik ada dövlətlərinin şikayətlərindən biri o idi ki, təbii fəlakət baş verəndə onlar beynəlxalq təşkilatlara müraciət edəndə gec cavab alırlar. Ona görə də biz alternativ maliyyə qurumu yaratmalıyıq ki, onlar dərhal fəlakətlə üzləşən tərəfə kömək etsinlər. Ayrılan vəsaitin 50 faizi iqlim fəaliyyətinə, yaşıl enerji texnologiyalarına yönələcək. İnvestisiyalardan gələn gəlirlərin 20 faizi isə 2R2F adlandırdığımız maliyyə mexanizmi vasitəsilə inkişaf etməkdə olan ölkələrə yönəldiləcək. Bu fond kiçik və orta bərpaolunan enerji istehsalçılarına da dəstək göstərəcək".