23 iyul 2024 15:48
247

Bu cür söhbətlər “Qarabağ”ın futbolçularını arxayınlaşdırmır - Maksim Medvedev

“Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Futbol sürprizlərlə doludur”.

“İki sahil” xəbər verir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev keçmiş komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.

O, mövsüm öncəsi ilk rəsmi matçların hər zaman ağır keçdiyini bildirib: “Bu, böyük klublara da aiddir. Ritmi tutduqdan sonra isə hər şey öz yerinə qayıdır. Hər kəs “Qarabağ”ın mərhələni rahat keçəcəyini deyir. Bu da komandanın indiyədək göstərdiyi parlaq oyunlara görədir. Mən ötən ilk Ağdam təmsilçisinin heyətində Cəbəllütariqdə olduğum üçün bilirəm ki, orada hava şəraiti istidir. Həmçinin matç süni ot örtüklü meydançada keçiriləcək. Bu amil futbolçularımıza mane ola bilər. Ancaq komandamızın üstün mübarizə apararaq uğurlu nəticə əldə edəcəyini düşünürəm”.

Azərbaycan millisinin sabiq futbolçusu “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi barədə danışmağın tez olduğunu söyləyib "Bu raundda “Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə oynaya bilərik. Lakin hazırda bütün diqqət “Linkoln”la matçlarda olmalıdır. Futbol ictimaiyyəti, azarkeşlər “Qarabağ”dan mərhələni rahat keçməyi gözləyir. Vaxtilə bu kollektivin içində olmuş bir şəxs kimi deyə bilərəm ki, bu cür söhbətlər “Qarabağ”ın futbolçularını arxayınlaşdırmır. Kağız üzərində favorit ola bilərsən, amma hər şey meydanda həll olunur. Əsas komandamızın yaxşı oyun nümayiş etdirməsidir”.

“Qarabağ”ın U-14 komandasında işləyən M.Medvedev məşqçi kurslarında da iştirak etdiyini vurğulayıb: “Yeni mövsümdə futbol təhsilimi artırmağa diqqət ayıracağam. Paralel olaraq komandanın da yanında olacağam”.

Qeyd edək ki, “Qarabağ” bu gün səfərdə “Linkoln”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.