Balaxanı Əməliyyat Şirkəti (BOC LTD) 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra milli mətbuatın keçdiyi tarixi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev bildirib ki, mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Azərbaycan milli mətbuatı yarandığı vaxtdan milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirir. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası bir əsr yarıma yaxın bir dövrdə çətin, lakin şərəfli yol keçib.
“İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, bu günün Milli Mətbuat Günü kimi qeyd olunması böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə ölkəmizdə ilk anadilli mətbu orqanın əsasının qoyulması ilə bağlıdır. Həmin gün "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb. 1875-1877-ci illər ərzində “Əkinçi”nin 56 sayı işıq üzü görüb və bu qəzetin nəşri təkcə Azərbaycanda deyil, bütün Qafqazda geniş əks-səda doğurub. Ömrü qısa olsa da, qəzet xalqımızın milli oyanışında böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat etdiyinə görə fəaliyyəti dayandırılıb.
Çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mətbuata böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz Onun təşəbbüsü ilə mətbuat üzərində senzura aradan qaldırıldı, söz və mətbuat azadlığı bərqərar edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də daim mətbuatın inkişafına xüsusi diqqətlə yanaşır.
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsində Baş məsləhətçi Xatirə Əliyeva çıxışında qeyd edib ki, bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı tam şəkildə təmin olunub. İstər yazılı, istərsə də elektron medianın inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir.
Daha sonra çıxış edən Azərtac İnformasiya Agentliyinin Korperativ Əlaqələr və Markentinq şöbəsinin müdiri Emil Hüseynli, Balaxanı Əməliyyat Şirkətinin rəhbərinin əməliyyatlar üzrə müşaviri Telman Cəfərov, şirkətin Ümumi İşlər departamentinin direktoru Kərim Aşurov bildiriblər ki, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.
Sonda bir qrup mətbuat nümayəndələri təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.
Orxan Vahidoğlu, "İki sahil"