25 iyul 2024 01:47
506

Azərbaycanın geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb - ŞƏRH

Dövlət başçısı İlham Əliyev bildirir ki, beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələr tamamilə başqa məcrada inkişaf edir

“Bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.” Dövlət başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycanın düşünülmüş və məqsədyönlü  siyasətinin qazandırdığı uğurlardan və beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən geniş bəhs etdi.

Təkcə iyul ayı ərzində dövlət başçısı İlham Əliyevin səfərlərinə, həmçinin qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev 2-ci Qlobal Media Forumu çərçivəsində tədbir iştirakçılarının suallarını cavablandırarkən bu məqamlara xüsusi diqqət yönəltdi. “Londondan, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısından qayıtmışam. Mən artıq 3-cü dəfədir o tədbirdə iştirak edirəm. Yəni, budur bizim üstünlüyümüz” söyləyərək onu da əlavə etdi ki, biz körpülər qura bilirik.

Azərbaycanın bu il mötəbər tədbirə-COP29-a ev sahibliyi  bütün görüşlərdə, səfərlərdə bu məsələsəyə xüsusi diqqətin göstərilməsini, ətraflı müzakirələrin aparılmasını bir zərurət kimi qarşıya qoyur. Cənab İlham Əliyev sözügedən Forumda da bu tədbirdən bəhs edərək bildirdi ki,   bundan əvvəl iqlim məsələləri ilə o qədər də dərindən məşğul olmurdum. Ancaq indi  anladım ki, inkişaf edən və inkişaf etmiş ölkələr arasında çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittiham var. Hansı ölkə planetimizə daha çox ziyan vurub, məsuliyyətli ölkə kimdir və onları bir növ məsuliyyətə cəlb etmək,  cəzalandırmaq cəhdləri var. Bunu geridə qoymalıyıq. Bu,  heç bir nəticə verməyəcək. Biz inkişafda olan kiçik ada ölkələri ilə əməkdaşlıq edirik. COP29 çərçivəsində bununla bağlı tədbir olacaq. Orada ittifaq ölkələri də iştirak edəcək. İttifaq ölkələri ilə birgə fond yaradacağıq ki, inkişafda olan həmin kiçik ada ölkələrinə kömək edək. Çünki bu vəziyyət onların mövcudluğuna təhlükədir. Müxtəlif istiqamətdə irəliləyirik. Biz Birləşmiş Ərəb Əmirliklərinin COP28-in ev sahibi kimi təcrübəsindən istifadə edəcəyik. Ondan əvvəl  COP-a Misir ev sahibliyi edib. Onların da neft və qazı var. Bizdən sonra da Braziliya ev sahibliyi edəcək. Yenə də neft və qaz ölkəsidir. Bu, onu göstərir ki, bu ölkələr enerji təhlükəsizliyi baxımından özlərini çox rahat hiss edən ölkələrdir. Onlar məsuliyyət nümayiş etdirərək  aşıl texnologiyaya, yaşıl keçidə sərmayə qoyur, töhfə verirlər. Yaşıl həmrəylik mövzusu müzakirə ediləcək: “Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ümid edirəm ki, uğurlu tədbir kimi onun yaxşı nəticələri olacaq. Bütün dostlarımızı noyabrda bizimlə birlikdə olmağa dəvət edirəm.”

Azərbaycan qlobal məsələlərin həllində qlobal həmrəyliyə daim çağırışlar edir. 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirləriningücləndirildiyi vaxtlara qısa nəzər salmaqla Azərbaycanın dünyanın biri-birinə əks qütblərini belə bir araya gətirdiyini görərik. Azərbaycan özünəqapanmanın böyük problemlərə yol açacağını önə çəkərək səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində atdığı addımları ilə diqqətdə oldu. Əvvəlcə Türk Dövlətləri Təşkilatının, onun ardınca Qoşulmama Hərəkatının Zirvə görüşü, BMT Baş Assambleyasının xüsusi sessiyası  keçirildi, bu bəladan az itki ilə çıxmağın yolları müzakirə olundu. Ümummünya Səhiyyə Təşkilatı ilk gündən Azərbaycanın həyata keçirdiyi tədbirlərə söykənərək ölkəmizin bu problemdən az itki ilə çıxacağını bildirdi.

Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə  baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Təbii ki, bu ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərdi və təşkilata 10 milyon dolları dəyərində könüllü maliyyə töhfəsi verdi. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisi idi. Çünki vaxtilə maliyyə yardımı alan Azərbaycan artıq özü fəal donor ölkəyə çevrilib. Dövlətimizin başçısı Şuşa Qlobal Media Forumunda da diqqəti COVİD-19 pandemiyası dövründə əməkdaşlığın, həmrəyliyin bariz nümunəsi olaraq 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilməsinə yönəltdi.   

Bu günümüzün əsas çağırışlarından biri iqlim dəyişmələrinin yaratdığıproblemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsidir. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi, ölkəmizin COP29-a ev sahibliyi də ölkəmizin bu məsələnin həllinə verdiyi töhfələrin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev Forumda bu çağırışı  etdi ki, riyakarlığa son qoyulmalıdır. Ötən Forumdan   bu günədək Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışı ediləcək.  Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda  üç Günəş və külək elektrik stansiyasının təməli qoyuldu. Bu sahədə çox böyük işlər görülür. Böyük potensialımız var. Bu gün Avropanın  qaza böyük ehtiyacı var: “Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur. Avropa İnvestisiya Bankı faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar ki, bu sahəyə maliyyə ayırmır. Cənub Qaz Dəhlizi - bu, 3500 kilometr uzunluğunda olan inteqrasiya edilmiş boru kəməridir, tam həcmdə, 100 faiz həcmlə işləyir. Bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var. Biz Sloveniyadan olan bir şirkətlə saziş imzaladıq və bu da Azərbaycanın doqquzuncu tərəfdaşıdır ki, bizim qazın istehlakçısı olacaqdır.”

Forumda, həmçinin Azərbaycanın enerji sektorunda qazandığı uğurların və qarşıdakı dövrün hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasına da diqqət yönəldildi.  Qeyd edildi ki, iclasda onlarla ölkədən nümayəndələr iştirak edir. Sədrliyi Azərbaycan və Avropa İttifaqı edir. Günün əsas müzakirə mövzusu məhz yaşıl enerji olur.

Qeyd edilənlər fonunda Azərbaycanın  dünya birliyində fəal  rolu, mövqeyi özünü aydın şəkildə nümayiş etdirir. Ölkəmiz ikitərəfli əlaqələrini möhkəmləndirməklə yanaşı, bu münasibətlərin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu inkişafına  səy göstərir. Cənab İlham Əliyev bütün çıxışlarında, müsahibələrində 120 ölkəni özündə birləşdirən  Qoşulmama Hərəkatına üzvlüyə, həmçinin 2019-cu ildən etibarən  4 il bu quruma sədrliyinə yönəldir. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində əldə etdiyi təcrübə bu gün xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Şuşa Qlobal Media Forumundakı çıxışında “Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,   üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişik. 120 ölkənin iştirakı ilə orada yekdil şəkildə sədr seçilmişdik və sədrlik müddətimiz də uzadıldı. Sədrliyimiz dövründə biz böyük nüfuz qazandıq.

Bu mühüm məqamları da xüsusi qeyd etməliyik ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına xüsusi önəm verdi.  Ölkəmizin  təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və 2022-ci ildə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradıldı, 2023-cü ildə Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması ideyası üzv dövlətlər tərəfindən dəstəkləndi.  Prezident İlham Əliyev bununla bağlı  bildirmişdir ki, institusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.

Azərbaycanın sədrliyi dövründə ölkəmizdə Qoşulmama Hərəkatının sammit və digər önəmli tədbirləri keçirildi. mişdir. Bunlardan biri də 2023-cü ilin martında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammiti idi. Bu sammitdə Prezident İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdi və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon  dollar ayırdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.

 Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri kimi,  regionda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul etməsini və imzalamasını qeyd edə bilərik.  Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının,   “OPEC Plus” formatının üzvüyük.

Bütün bunlar Azərbaycanın  beynəlxalq aləmdə yeri və roluna işıq salan mühüm hadisələrdir. Azərbaycanın Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar yüksək dəyərləndirilir. Ölkəmizin həm qurumla, həm də quruma üzv dövlətlərlə əlaqələri yüksək səviyyədədir. Cənab İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında təşkilatın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür. Bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik.  Bu çağırış da səsləndirildi ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. Hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq.

Tarixi Zəfərimizdən sonra əlaqələrdə yeni istiqamətlərin müəyyənlşdirilməsi diqqətdən kənarda qalmır. Bu, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarda özünü qabarıq şəkildə nümayiş etdirir. Cənab İlham Əliyev Forumda diqqəti bu günlərdə Pakistana dövlət səfərinə yönəldərək bildirdi ki, Pakistan mediasında  hər zaman qardaş dəstəyi görmüşük: “Mən Azərbaycanla bağlı beynəlxalq medianı izləyirəm və ölkəmizlə bağlı hansısa beynəlxalq təşkilatlarda hər hansı bir material dərc edilibsə, hər səhər mənə məlumat verilir. Pakistana gəldikdə, biz hər zaman qardaş dəstəyini hiss etmişik. Biz buna görə olduqca minnətdarıq.”

Media sahəsində səylərimizin birləşdirilməsinin  çox yaxşı fikir olduğunu bildirən cənab İlham Əliyev qeyd etdi ki, biz birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək. Bəzi beynəlxalq media təşkilatlarına Azərbaycanın, bəzilərinə isə Pakistanın  çıxışı var. Bunu təkcə Pakistan deyil, digər dost ölkələrlə də edə bilərik. Ölkələrimiz haqqında faktların təhrif edilməsi onun nüfuzunu ciddi şəkildə zədələyə biləcək nəticə verir.

Qeyd edək ki, tarixi Zəfərimizdən sonra bu sahədə ilk addım qardaş, dost, müttəfiq Türkiyə ilə atıldı. Aparılan əsassız təbliğatlara qarşı birgə mübarizədə mətbuatın da üzərinə böyük məsuliyyət düşür. 2020-ci ilin 10 dekabr tarixində ölkəmizə səfər edərək Prezident İlham Əliyev ilə Zəfər paradında birgə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısının iştirakı əsasında imzalanan sənədlərdən biri məhz iki ölkə arasında media sahəsində əməkdaşlıq Memorandumu oldu. Bu sənədə əsasən Ortaq Media Platforması yaradıldı. Bu mühüm addım həqiqətlərimizin təbliği istiqamətində birgə görülən işlərə böyük töhfə oldu.

Şuşa Qlobal Media Forumunda səsləndirilən çağırışlar fonunda  xarici siyasət uğurlarımıza qısa baxış belə ümumiləşdirməyə əsas verir ki, sözügedən tədbirə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılmasının özü Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. İştirakçı ölkələrin say tərkibinin genişliyi bir tərəfdən  Forumun mövzusunun aktuallığının göstəricidirsə, digər tərəfdən isə Azərbaycanın önəminin, dövlətimizin başçısı İlham Əliyevin nüfuzunun, ona böyük etimadın təqdimatıdır. Bu sayda ölkənin media təmsilçisinin Azərbaycanda, azad Şuşada olması ölkəmizlə yaxından tanışlıq əsasında yeni  baxışın formalaşması deməkdir.     

Yeganə Əliyeva, “İki sahil”