26 iyul 2024 02:49
451

Bu gün qürur duya biləcəyimiz ordu qurmuşuq

Dövlət başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycanın əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxdığını əsaslı şəkildə diqqətə çatdırdı  

“Sizə bir analogiya gətirə bilərəm: bizim münaqişə davam etdiyi dövrdə Ermənistanla daimi prosesimiz var idi. Əlbəttə, onun heç bir nəticəsi olmadı, ancaq bu proses davam edirdi. ATƏT-in keçmiş Minsk qrupu, - biz onların fəaliyyətindən narazı idik və buna haqqımız da var idi, ancaq buna baxmayaraq, bu proses davam edirdi, danışıqlar var idi. Mən Ermənistanın liderləri ilə dəfələrlə görüşmüşəm, indiki hakimiyyət və ondan əvvəlki prezidentlərlə də danışıqlar aparmışam. Ona baxmayaraq ki, əvvəlki iki prezident Azərbaycana qarşı soyqırımı törədənlər, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Bu, mənim üçün heç də xoşagələn hal deyildi ki, mən məcbur onlarla əl ilə görüşürdüm. Ancaq mən bunu sülh naminə və ərazilərimizin azad edilməsi naminə edirdim və Prezident olaraq bütün hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim.” Dövlət başçısı İlham Əliyev 2-ci  Şuşa Qlobal Media Forumunda bu həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq Azərbaycanın 30 illik işğal dövründə yaşadığı vəziyyəti əsaslı şəkildə qeyd etdi.  Özlüyündə ortaya çıxan “Həmin görüşlər bizə kömək etdimi ərazilərimizi bərpa edək” sualına cavab olaraq bildirdi ki,  bəli, onların xeyri oldu.  Elə bir dövr var idi ki,  atəşkəsə razı olmalı olduq. Bu, 1994-cü ildə baş verdi.

Tarixi Zəfərə gedən yol

Atəşkəsin əldə olunmasına böyük zərurət var idi. Münaqişənin həllinə aparan yolda mühüm  tədbirlərin həyata keçirilməsi üçün şərait yaratdı. Lakin atəşkəsin əldə olunduğu 1994-cü ildən tarixi Zəfərimizə, 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsinədək olan dövrə nəzər salsaq Ermənistanın danışıqlar prosesindən yayınmaq üçün mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozduğunu görərik. BMT Təhlükəsizlik Şurasının  Qarabağla bağlı 4 qətnaməsində də Qarabağın Azərbaycanın  ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin  ərazilərimizdən qeyd-şərtsiz çıxmalarının vacibliyi öz əksini tapmışdı. Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, nə də beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoydı. Təbii ki, bu ərköyünlüyün əsasında bəzi dünya güclərinin işğalşı dövlətə heç bir sanksiyanı tətbiq etməməsi, əksinə daim diqqət və qayğı ilə əhatə etmələri idi. 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistana daha çox qayğıları ilə diqqətdə oldular. İşğalçını adı ilə çağırmaq istəməyən  həmsədrlər münaqişənin ədalətli həllindən danışmaqla özlərinə qarşı inamsızlığı daha da artırdılar. Atəşkəsin əldə olunmasından sonrakı dövrün reallıqlarına söykənərək  dövlət başçısı İlham Əliyev Forumda bu məqamları da diqqətə çatdırdı ki, atəşkəs  çox çətin qərar idi: “Sizi əmin edirəm və dəfələrlə Qərb ölkələrindən gələn qonaqlar mənə sual verirdilər, bu məsələ necə həll edilə bilər? Mən onlara deyirdim: mənim atam Azərbaycanı məndən az sevmirdi və ya hər hansı bir azərbaycanlıdan az sevmirdi. Ancaq o, məcburən 1994-cü ildə bu atəşkəsə razı oldu, çünki ölkəni xilas etməli idi. O zaman Azərbaycanın faktiki olaraq ordusu yox idi. Biz ordumuzu hələ yeni qururduq və bu proses sonra davam etdi və bu gün biz qürur duya biləcəyimiz ordu qurmuşuq.”

Düşünülmüş və məqsədyönlü siyasət

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların hazırlanmasında əhəmiyyətli rol oynayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin  xüsusi diqqət göstərdiyi sahələrdən biri ordu quruculuğu oldu. Müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın işğalında nizami ordunun olmaması əsas səbəblərdən biri idi. Həmin illərdə ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisinə çevrilmişdir. O dövrdə fərarilik  geniş vüsət almışdı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın  torpaqlarını işğaldan azad etməyə, öz şərəfli missiyasını  yerinə yetirməyə qadir ordu formalaşdı. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il 12 may tarixində  Ermənistanla atəşkəsin əldə olunması bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasına yol açdı. Sabitliyin qorunması ilə ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında  maraqlı olan dövlətlərin sayı artdı. Ən əsası tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Ulu Öndərin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə söykənərək müəyyənləşdirdiyi inkişaf strategiyası  möhkəm təməl yaradaraq bugünkü və gələcək uğurların əsası oldu.

Azərbaycan cənab İlham Əliyevin  çağırışına uyğun olaraq əldə edilən uğurlarla kifayətlənmir, daim irəli baxır. Dövlətimizin başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda da “Bu gün Sizin arzuladığınız Azərbaycan nədən ibarətdir” sualına cavab olaraq bu məqamı xüsusi qeyd etdi ki, bizim belə bir ideyamız var idi. Bu da ərazi bütövlüyümüzün bərpası və öz ərazilərimizin qaytarılması idi. Biz buna nail olduq, keçən ilin sentyabrında  buna tamamilə nail olduq: “Lakin biz dincəlməməliyik, biz bu mövzunu uzun-uzadı müzakirə etməməliyik. Çünki bu mövzunu çox uzun müddət istismar etmək olar, lakin bu, bizə bir nəticə verməyəcək. Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik.”

Hər zaman hazır olmalıyıq

44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövrə diqqət yetirsək görərik ki, şanlı Qələbəmiz heç də arxayınlıq yaratmır. Həm müdafiə gücümüzün artırılması, həm də informasiya mübarizəsində üstünlüyümüzü qorumaq üçün atılan addımların davamlılığı təmin edilir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin ilk günündən bu çağırışı etdi ki, Ermənistanda revanşist qüvvələrin olacağı aydındır. Bunun üçün hər zaman hazır olmalıyıq. Təbii ki, burada söhbət Ordumuzun daha da möhkəmləndirilməsindən gedir. Tarixi Zəfərimizdən sonra ermənilərin törətdikləri hərbi təxribatların qaşısını almaq üçün Silahlı Qüvvələrimizin həyata keçirdikləri «Qisas», «Qətiyyətli cavab» kimi əməliyyatlar ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu.

Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün çıxışlarında hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradırdı ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündə olduğunu qazandığı qələbələrdə təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun güclü, peşəkar ordu olduğunu nümayiş etdirmişdi. Lakin işğalçı dövlət bu əməliyyatlar zamanı aldığı dərslərdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutarkən belə əks-hücum əməliyyatı ilə üzləşəcəyini düşünmürdü. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. Azərbaycan Ordusu hər zaman Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini gözləyirdi və həmin an gəlib çatdı.

Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

30 ildə dünyanın ən nüfuzlu dövlətlərinin edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə etdi, tarixi ədalət bərpa olundu.  BMT qətnamələrini təkbaşına icra edən ordumuz bir daha təsdiqlədi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların düzgün dəyərləndirilməsi,  tətbiqi üçün vahib mexanizm lazımdır. Dünyanın yaşadığı beynəlxalq hüquq problemi özünü baş verən hadisələrin dəyərləndirilməsində qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik.

Reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb. 

44 günlük İkinci Qarabağ müharibəsi dövründə «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır: «Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.”

Yeganə Əliyeva, “İki sahil”