27 iyul 2024 00:59
410

"Sülh paketi" Ermənistanın rekviyemidir

Avropa İttifaqının (Aİ), ABŞ-ın Ermənistana vəd etdikləri  «yardımlar»ın əsas məqsədi Cənubi Qafqazı yenidən  hərbi poliqona, qarşıdurma məkanına çevirməkdir

Laçın sərhəd buraxılış- keçid məntəqəsi  yaradılanda, Avropa İttifaqının Ermənistanın sərhəd bölgəsində  hadisələri durbinlərlə  «müşahidə edən» mavi gödəkçəli erməni havadarlarının çıxardıqları  oyunlar yaxın aylarda baş verən   Qərbin ikili standartlar şousunun təzahürü idi. Guya Cənubi Qafqazda  sülhün bərqərar olmasına,  Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün   Avrora İttifaqı  Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdəki  «səmimiyyət səhnələri »də unudulmayıb. Son günlərdə  Ermənistan silahlı qüvvələrinin  Azərbaycanın mövqelərini atəşə tutması həmin görüşün pərdəarxası  məramını  yenidən gündəmə gətirib.

 Cari ilin  aprel ayının  5-də Brüsseldə ABŞ,  Avropa İttifaqı (Aİ) və Ermənistan arasında keçirilən üçtərəfli görüşdən məlum oldu ki,  nə Qərb, nə də ABŞ   sülh tərəfdarı deyillər.  Onların niyyətləri Cənubi Qafqazı geosiyasi qarşıdurma poliqonuna  çevirmək,  Suriya, Ukrayna  təcrübələrinin bu  bölgədə  təkrarlamasına nail olmaqdır. ABŞ dövlət katibi Antoni Blinkenin Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl söylədiyi  «Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır» sözləri də reallıqdan kənar idi. Azərbaycan torpaqlarını 30 il  işğal altında saxlayan Ermənistanın kapitulyasiya aktını imzalamasını  özlərinin də məğlubiyyəti kimi  qəbul edən  ABŞ-Aİ cütlüyü   İkinci Qarabağ müharibəsindən  keçən müddətdə belə haylara   himayədarlıqlarını davam  etdirərək müxtəlif  bəhanələrlə sülh  sazişinin imzalanmasına  əngəllər   törədirlər.  Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyən Aİ və ABŞ hər oyuncağa uşaq kimi sevinən Ermənistandan  istifadə edərək   xam məhsul kimi, istədikləri səmtə uyğun  idarə edirlər. Ermənistanla Azərbaycan  arasında  sülh sazişinin imzalanması üçün münbit şəraitin yarandığı,  tərəflərin qarşılıqlı  olaraq biri-birinin ərazi bütövlüyünü tanıdıqlarını etiraf etdikləri məqamda kənar müdaxilələrin artması bölgədə  sabitliyə vurulan zərbə, ciddi təhlükədir.

 Brüssel görüşü ilə bağlı   ABŞ Dövlət katibi Antoni Blinken,  Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen  Prezident İlham Əliyevə zəng edərək  danışıqların Azərbaycanın əleyhinə olmadığını bildirsələr də  pişiyin quyruğunu gizlədə bilmədilər.  Görüş iştirakçılarının Ermənistan hökumətinin «sülhün kəsişməsi» kimi sərsəm  təşəbbüsünü təqdir etmələri regiondakı gərginliyi daha da artırdı.

Anti-Azərbaycan açıqlamaları ilə ermənipərəst mövqeyini bildirən     ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O* Braynın Brüsseldə keçirilən üçtərəfli görüşün məqsədini   «Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü  dəstəkləmək» açıqlaması ilə pərdələsə də əsl məram  «Dostunu göstər, sənin kim olduğu deyim» məsəlinə uyğun  yozuldu. Yəni, ilanın ağına da lənət , qarasına da.

 Həmin günlərdə qərəzli Brüssel görüşünə  münasibət bildirən bölgə dövlətləri,  Rusiya kimi Türkiyə də   sülhə təhdid olan bu konfransın məqsədini  açıqladılar:  ABŞ kimi Aİ-də Cənubi Qafqazda yerləşmək, Zəngəzurla bağlı  niyyətlərini əməlləri ilə  bildirirlər.    Açıqlamalarda vuruğlandı ki,  Ermənistanı  məkrli  oyunları üçün alətə çevirən  çevirən ABŞ-ın və Aİ-nin riyakar və məkrli ssenariləri haylara baha başa gələcək. Rəsmi İrəvan  Ukraynanın taleyini yaşayacaq.
Avropa İttifaqının Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ-ın  isə 65 milyon dollar «yardım» ayırmaları ilə bağlı şirnikləndirmələr işə yarayır. Ələbaxan, satqın, xəyanətkar  ölkə olduğunu əsrlərdən bəri müxtəlif imperiyalara  kölə xidmətləri, itaətkarlığı ilə bildirən,  qarşısına atılan tula payı qarşılığında bölgədə hər an partlamağa hazır  bomba effekti yaradan Ermənistan daim itaətində durduğu,  ən yaxın müttəfiqi Rusiyanı  yeni ağaları ilə əvəzlədi.   Azərbaycanın iştirakının nəzərdə tutulmadığı bu təşəbbüsün regional  qarşıdurma üçün işarə olması,   Cənubi Qafqazda sülhə deyil,   regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə   yönəldiyi  bəlli idi.   Yaranan geosiyasi təhlükədə  itirənin mühüm layihələrdən kənarda qalan,  Qərbin aldadıcı vədlərinə  inanan Ermənistanın olacağını ekspert açıqlamaları da təsdiqləyir.

 Avropa İttifaqının guya sabitliyə töhfə adı ilə  Ermənistanda mülki  monitorinq missiyası yerləşdirərkən  region dövlətlərinin,  xüsusilə münaqişə tərəfi,  sülh sazişinin  imzalanması üçün bütün variantlardan istifadə edən Azərbaycanın maraqlarının nəzərə alınmaması, həmin günlərdə diqqətə çatdırıldı. Beynəlxalq hüquqa  siyasi təhlükə  olan monitorinq missiyasının fəaliyyəti  iki il müddətinə müəyyənləşdirilsə də   Ermənistanda sərhəd patrul xidməti göstərən « silahlı mülkilər»  Qərbin maraqlarına uyğun  yerlərini bərkidiblər. Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketinin ayrılması ilə bağlı qərarın qəbulu   missiyanın mülki deyil, hərbi məqsədlər naminə təşkil olunduğunu təsdiqləyir.

 Məqsədi sözdə Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə vermək olan yardım, əslində Ermənistan  Silahlı Qüvvələrini  gücləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyi də  təmin ediləcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin təbirincə deyilsə, Avropa Sülh Fondunun  «yardım  paketi» guya  ölkənin dayanıqlığına daha da töhfə verəcək. Amma son günlərdə  Aİ-nin və ABŞ-ın  tumarından başı gicəllənən   Ermənistanın  ərköyün, sərsəm  baş naziri  Nikol Paşinyan Azərbaycanın təklif etdiyi «sülh paketi ilə bağlı etiraf etdiyi  razılığına» davamlı korrektələr edir.

 Ermənistan silahlı qüvvələrinin bu günlərdə  Azərbaycan Silahlı Qüvvələrinin  Naxçıvanda, Kəlbəcərdə, Tovuzda yerləşən mövqelərini  iri çaplı silahlardan atəşə tutmaları Aİ-nin  10 milyon avro  dəyərində «sülhə dəstək» missiyasının   atəş səsidir. 

 Oksfordda keçirilən  «Avropa Siyasi Birliyi»nin  dördüncü Sammiti çərçivəsində  Prezident İlham Əliyevlə görüşməkdən yayınan, Fransa Prezidenti Emmanuel Makronla pıçıldaşan  Paşinyan bu görüntüsü ilə  sülh sazişinin imzalanması ilə bağlı boğazdan yuxarı sözlərinin  reallığı əks etdirmədiyini təsdiqləyir. Görünür  Aİ-nin 10 milyon avroluq yardımının ardınca ABŞ-ın  Ermənistana 65 milyon dollardan çox yardım vədi,  Fransanın hərbi təyyarəsinin İrəvana eniş etməsi Paşinyanın arxayınçılıqdan baş   gicəllənmə xəstəliyini yeniləyib.     Hadisələrdən çıxarılan məntiqi nəticə budur ki, Qərb kimi ABŞ da  Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını qan iyi verən «sülhə yardım» paketləri ilə  bloklayıb.

Bir müddət əvvəl Nikol Paşinyan ölkəsinin  Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurması,  ABŞ-a və Avropa İttifaqına əsas tərəfdaş kimi arxalanması,  Hayastan   rəsmilərinin Aİ-nin Ermənistandakı missiyasını  dəstəkləməsi işğalçı ölkəni məhvə sürükləyir.  Başqa sözlə deyilsə, bu yardım paketləri  Ermənistanın rekviyemidir. Bu ifadə latınca «Requiem aeternam dona eis, Domine»- «İlahi, onlara əbədi rahatlıq ver» mənasını bildirən və dini mərasimlərdə  mərhumun xatirəsi naminə işlədilən matəm mesajıdır.

Siyasətin şahmat taxtasında  kimin şah, kimin mat olacağını isə  zaman göstərəcək. Azərbaycanın gələcək yolunu «Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır» sözləri  ilə qərəzli «üçlüklərin» cəhdlərinin heç bir nəticə verməyəcəyini bildirən  Prezident İlham Əliyev haqq yolumuzun  əbədi dayaq məkanını da düzgün  müəyyənləşdirir. Yolumuz Zəngəzuradır!

Xuraman İsmayılqızı, «İki sahil»