26 iyul 2024 20:11
341

Çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir

Dövlət başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda bu çağırışı da səsləndirdi ki, müxtəlif dini etiqadların,  etnik qrupların birgə yaşamı   müasir Azərbaycanın qurulmasında rol oynayıb və həmin töhfəni verməkdə davam edirlər

Azərbaycanın yerləşdiyi coğrafi məkan dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli», 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi də bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev bildirir ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün üfüqlərimizi genişləndiririk. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub.

Müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edir. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tolerant, multikultural ölkə olaraq möhkəmlənən mövqeyini bir daha təsdiqlədi. Ölkəmizdə yaşayan xalqların, millətlərin nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsində böyük fədakarlıq nümayiş etdirdilər. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra “Xarıbülbül” musiqi festivalının keçirilməsi ənənəsi bərpa ediləndə ilk tədbir Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etdi. Dövlət başçısı İlham Əliyev 2021-ci ildə keçirilən “Xarıbülbül” musiqi festivalının açılış mərasimindəki çıxışında  “Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır” söyləyərək onu da əlavə etdi ki,  Vətən müharibəsi  Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşadığını bir daha göstərdi. Ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Şuşadan, qədim torpağımızdan dünyaya bu mesaj çatdırıldı-  Ölkələr belə inkişaf etməlidir. Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası  qoyulan bu siyasətin  Prezident  İlham Əliyevin uğurla davam etdirməsi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirir. Dövlətimizin başçısının uğurlu  siyasəti nəticəsində ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Cənab İlham Əliyev  hər zaman çıxışlarında multikulturalizmin Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu əsaslı şəkildə diqqətə çatdırır. “Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar” fikirləri ilə Azərbaycanın tolerant ölkə olduğunu və bunun möhkəm təmələ əsaslandığını nümayiş etdirir.

Dünyanın müxtəlif yerlərində baş verən hadisələrə diqqət yetirmək kifayətdir.  Bu fakt inkaredilməzdir ki, dünyada geosiyasi vəziyyət gərginləşdikcə, insanların, eləcə də dövlətlərin, dinlər və millətlər arasında tolerant, multikultural dəyərlərin inkişaf etdirilməsinə, qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birilərinə qarşı dözümsüzlük durur.  Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi, tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış forması kimi qəbul olunması ölkəmizin son illərdə  bu sahədə gördüyü mühüm  işlərin nəticəsidir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə keçirilən  çoxsaylı tədbirlərdə multikulturalizm,  müxtəlif xalqların birgəyaşayışı təbliğ edildi.

  Onu da qeyd edək ki,  multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində  Heydər Əliyev Fondunun misilsiz xidmətləri var.  Fond Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.

    Azərbaycanın multikulturalizm siyasəti diqqətlə izlənilir. Belə ki, 20-22 iyul tarixlərində keçirilən, hazırda  ölkə və dünya mətbuatında geniş müzakirə edələn 2-ci Şuşa Qlobal Media Forumunda da  Azərbaycanın bu mövqeyinə xüsusi diqqət yönəldildi. İsraildən olan  müstəqil jurnalist Roman Qureviç sualında belə bir müqayisəli təhlil apardı.  Belə ki, çağdaş dünyada ksenofobiya, yadlara nifrət, insanların bir-birini qəbul etməməsi ən ciddi problemdir. Azərbaycanda, eyni zamanda, müxtəlif dinlərə mənsub insanlar yaşayırlar: müsəlmanlar, xristianlar, yəhudilər və bir çox digərləri. Onlar hər zaman bir-biri ilə mehriban, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Bu, hər zaman, əsrlərlə belə olub və indi də belə olmaqdadır. Beləliklə, Azərbaycan insanların bir-biri ilə necə yaşamasının, qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq nümunəsidir. Jurnalistin “Azərbaycan torpağında, Azərbaycan xalqında hansı xüsusiyyət bunu mümkün edir, buna imkan yaradır” sualına cavab olaraq Prezident İlham Əliyev bildirdi ki,  burada bir sintez, fərqli amillərin vəhdəti var. Burada bu amillərdən biri olmasaydı, qarşılıqlı hörmət, məhəbbət mühiti mümkün olmazdı. Digər məsələ odur ki, bu mühiti süni yaratmaq mümkün deyil. Əsas odur ki, bunu qoruyasan, gücləndirəsən və özündən sonra növbəti nəsillərə ötürəsən. Bu məsələlər bizə yüzilliklərlə, minilliklərlə xas olan bir xüsusiyyətdir və birgə yaşam, müxtəlif dini etiqadların, müxtəlif etnik qrupların birgə yaşamı, bunların hər biri Azərbaycan dövlətçiliyinin qurulmasında, müasir Azərbaycanın qurulmasında rol oynayıb və həmin o töhfəni verməkdə davam edirlər. Bu, böyük bir fəaliyyətdir. Cənab İlham Əliyev suala cavabında  məhz diqqəti “Xarıbülbül” musuqi festivalına yönəltdi: “Ərazilərimiz işğaldan azad olunandan sonra mən təklif etdim ki, ilk Xarıbülbül festivalını Azərbaycanda yaşayan bütün xalqların mədəniyyətinə həsr edək. Bu, mənim ideyamdır və düşünürəm, çox düzgün bir ideyadır ki, Azərbaycanda yaşayan bütün xalqlar, bilirsiniz ki, azadlıq naminə mübarizədə iştirak ediblər. Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər biri, hər bir nümayəndəsi öz həyatını qurban verib, sağlamlığından məhrum olub. 2021-ci ildə keçirilən Xarıbülbül festivalında biz bunun hər birini nümayiş etdirdik. Şəxsən bundan daha emosional, daha mədəni tədbir xatırlamıram və bəlkə də heç olmayacaq.” Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki,  cəmiyyət və hökumət, əsasən də hökumət bu məsələyə gündəlik əsasda diqqət yetirməlidir: “Bu, elə bir mövzu deyil ki, onu kənara qoyub sonradan məşğul olasan, ikinci dərəcəli hesab edəsən və ya da iqtisadiyyat deyil, büdcə deyil. Bu, maddi bir aktiv deyil. Çünki bu, hər bir şeyin təməlidir. Çoxmillətli cəmiyyət Azərbaycanın fəxr etdiyi amildir…Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi dayanır, bu, çox böyük dəyərdir… Bizim hüququmuz yoxdur ki, bunu qorumayaq və biz cəmiyyət olaraq, hökumət olaraq bunu qoruyuruq, yaşadırıq. Sözsüz ki, dini liderlər, onların sözləri, onların kəlamları çox vacibdir və konkret bu halda biz deyirik, din dövlətdən ayrıdır. Lakin ölkə üçün, onun inkişafı və gələcəyi üçün fövqələhəmiyyətli məsələlərdə dövlət və dini rəhbərlər vahid mövqedən çıxış edirlər. Təşəkkür edirəm və evinizə tez-tez gəlin.”

      Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2009-cu ildə Bakı, 2018-ci ildə  Naxçıvan şəhəri  İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu isə  isə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı  Şuşa bu şərəfli adı daşıyır. Bütün bu addımlar Azərbaycanın İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyətinin təqdimatlarıdır. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin, həm də dünya ictimaiyyətinə çatdıraq. Bu il Şuşada  VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində cənab İLham Əliyev belə bir əminliyi ifadə etdi ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.

  Azərbaycanın 2015-ci ildə İlk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi də özündə mühüm məqamları ehtiva etdi. Hər iki tədbir İslam həmrəyliyinin gücləndirilməsində, Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin davamlılığında əhəmiyyətli rol oynadı. Azərbaycan bu tədbirlər vasitəsilə bir daha dünyaya dostluq, həmnrəylik, əməkdaşlıq mesajlarını ünvanladı. İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycan özünəməxsus mövqeyini möhkəmləndirmək üçün bütün zəruri addımların atılmasına səy göstərir.

   Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizin ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü roluna davamlı olaraq yeni əlavələr edir. Azərbaycan sabitləşdirici, birləşdirici aktor kimi dünyanın diqqətindədir. Ölkəmizin ev sahibliyi etdiyi, yaxud qonaq kimi qatıldığı tədbirlərə diqqət yetirsək Azərbaycanın əməkdaşlıq məkanı kimi nüfuz qazandığı söylənilən fikirlərdə əsaslı şəkildə önə çəkilir.  Qeyd edək ki, cənab İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında günümüzün əsas müzakirə mövzusu olan COP29-dan geniş bəhs edərək belə bir çağırışı səsləndirdi ki, COP29 həmrəylik tədbiri olmalıdır.

    Qürurverici hadisələrdən biri budur ki, birlik, həmrəylik, əməkdaşlıq mesajları paytaxt Bakı ilə yanaşı, Qarabağın tacı Şuşadan səsləndirilir. Şuşa ötən il  türk dünyasının, bu il isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməklə hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Cənab İlham Əliyev bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində qələbəsindən sonra andiçmə mərasimində xarici siyasət uğurlarımızın fonunda qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.  Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.”

  Cənab İlham Əliyev hədəflər sırasında türk dünyasının, İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini bildirdi. Bizim ailəmiz Türk dünyasıdır. Siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Buna  ancaq birlikdə nail ola bilərik. İslam Əməkdaşlıq Təşkilatı da daim Azərbaycanın yanında olub. Bunun  həm işğal dövründə,  həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı, həmçinin postmünaqişə mərhələsində şahidi olmuşuq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının   dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı  bütün müsəlman ölkələrini birləşdirir. Ölkəmizin  bu təşkilatda  təşəbbüslərinin  qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır. Dövlətimizin başçısı bu mühüm məqamlara 2-ci Şuşa Qlobal Media Forumunda da xüsusi diqqət yönəltdi.

Bütün bu qeyd etdiklərimizin fonunda böyük əminliklə bildiririk ki, Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir. Ölkəmizə beynəlxalq baxış belə bir ümumiləşdirməyə də əsas verir ki, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği uğurlarımızda əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyev ilk gündən bu çağırışı etmişdir ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək istəyiriksə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar vahid ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir. Tariximizin, dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi azərbaycançılığın əsasıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin  davamçıları  bu müsbət meyilləri  daha da gücləndirir. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki  hamımız bir amal uğrunda birləşmişik. Şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur: “Bu sahədə çox böyük tarixi nailiyyətlər var, baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, bizim aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur.”

Yeganə Əliyeva, “İki sahil”