02 avqust 2024 22:51
345

Şəhidlərin xatirələri anılıb

Avqust ayının 2-də Biləsuvar rayonun Nərimankənd kəndində 2014-cü ilin avqust döyüşlərində şəhid olmuş Əliyev Pərvin Səlahəddin oğlunun və Hüseynov Rahil Əfsər oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər Şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək yaxınlarına baş sağlığı veriblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Pərvin Səlahəddin oğlu Əliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə”, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, “Qüsursuz xidmətə görə” III dərəcəli və “Qüsursuz xidmətə görə” II dərəcəli medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhərinin mərkəzi küçələrindən birinə verilmişdir.

Azərbaycan Ordusunun kiçik giziri olmuş Rahil Əfsər oğlu Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Rahil Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Nərimankənd kəndində yaşadığı küçəyə verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!