28 avqust 2024 00:14
1149

İşğaldan azad edilmiş ərazilərdə «Yaşıl Enerji» zonasının yaradılması sürətlənir

Bu, çağdaş dünyamızda sağlam ekoloji mühitə keçidin əsas çağrışlarından biridir

Təbii ki, indi bir çox ölkələr kimi, Azərbaycan da iqlim dəyişikliyinin zərərlərini hiss edir. Belə ki, son bir neçə ildə dünyada şirin su ehtiyatları azalır, qlobal istiləşmənin və havanın çirkləndirilməsinin  fəsadları günü-gündən artır və bütün bunlar dünyamızı ciddi şəkildə təhdid edir. Hər bir ölkənin bərpaolunan enerji layihələrinin çoxaldılmasına töhfə verməsi, bu istiqamətdə ümumi konsensusun əldə olunması bu gün üçün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Prezident İlham Əliyevin zəngin yanacaq ehtiyatlarımızın olmasına rəğmən dövlətimizin  yaşıl enerji ehtiyatlarına önəm verdiyini vurğulaması bir daha təsdiq edir ki, bu istiqamətdəki layihələrimizi reallaşdırmaqda çox iddialıyıq. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Azərbaycanın Xəzər dənizinin özünə aid olan sektorunda potensialın 157 giqavat təşkil edir və bu imkanlardan maksimum dərəcədə istifadə etməklə daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır.

Bəli,  bu istiqamətdə  ölkəmizin böyük layihələri var. Məhz buna görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Belə ki, Azərbaycan baza ili (1990) illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Eyni zamanda, ölkəmizin  2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi» kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, hazırda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Ona görə də Azərbaycan zəngin yanacaq ehtiyatlarının olmasına rəğmən  «yaşıl enerji» resurslarından istifadəyə daha çox önəm verir. Eyni zamanda,  Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf proqramlarında bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Belə ki, «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində «yaşıl enerji» zonasının yaradılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılmış və müvafiq Konsepsiya sənədi hazırlanmışdır.

Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa- olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanmışdır.

«Yaşıl Enerji» zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyəti bəyan edilmişdir. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin «yaşıl enerji» zonasına çevrilməsinə töhfəsini verəcəkdir.

İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası («Güləbird» SES - 8 MVt,  «Suqovuşan-1» KSES - 4,8 MVt, «Suqovuşan-2» KSES - 3,0 MVt, «Kəlbəcər-1» KSES - 4,4 MVt) artıq istismara verilmişdir. Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.

Həmçinin Laçın-Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə «Yaşıl enerji» zonasının yaradılmasına əlavə töhfə verəcəkdir. 

Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanmışdır. Bir sözlə. işğaldan azad edilmiş ərazilərdə «Yaşıl enerji» zonasının yaradılması sağlam ekoloji mühitə və firvan həyata keçid deməkdir ki, bu da çağdaş dünyamızın  əsas çağrışlarından biridir.

Elçin Zaman, «İki sahil»