KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Nikol kimdən üzr istəməlidir: haylardan, yoxsa...

27 sentyabr 2024 23:44
874

Günün nəbzi

Yəqin ki, artıq yeddinci ildir Ermənistanın faktiki olaraq dövlət başçısı kürsüsündə oturub gah dala, gah qabağa, gah sağa, gah sola yırğalanan  Nikol Paşinyanı tanımayan yoxdur. Heç şübhəsiz, bu tipik erməni dığasının  gündə bir fikrə qulluq edən, dünən dediyini bü gün qıpqırmızı danan, biri digərini təkzib edən sərsəm açıqlamaları ilə nəinki özünün həmcinslərini, hətta beynəlxalq ictimaiyyəti belə heyrətləndirən ağıldan bəla (ifadə vaxtilə ermənilərin İrandan və Şərqi Anadoludan Qarabağa köçürülməsinə rəhbərlik etmiş və sonralar bu əməlindən peşmançılıq keçirmiş  rus diplomatı və şairi Aleksandr Qriboyedova məxsusdur) birisi olduğunu da bilməyən yoxdur. Bu ağıldan bəla baş nazirdə sadaladığımız keyfiyyətlərin (təbii ki, mənfi) nə az, nə də çox, düz 4 il öncə, 2020-ci il sentyabrın 27-dən,   başı əhlət daşına, yəni  “Dəmir yumruq”a tuş gəlib sağalmaz psixoloji travma aldıqdan sonra baş qaldırdığı da təbii ki, hər kəsə məlumdur.  O çağa qədər isə həmin bu şizofrenik Nikol da digər hay sələfləri kimi yeri gəldi-gəlmədi azərbaycanlılara və türklərə barmaq silkələyib hədyanlar yağdırmaqla, kölgəmizi qılınclamaqla məşğul idi. Bu məqamda  onun və digər daşnak xislətli hayların xatırlamalı olduqları bir neçə zəruri faktları yada salmaq yerinə düşərdi.

Məsələn, bu ağıldan bəla baş nazir “həftə səkkiz mən doqquz” su yoluna döndərdiyi o zaman işğal altında olan ərazilərimizə qanunsuz səfərlərinin birində özü kimi xam xəyallarla yaşayan separatçı hayları başına yığıb demişdi ki, “siz “artsax”lılar dünyanın ən bəxtəvər “xalq”ısınız.” Bu sözləri eşidərkən “Azırbaycan Ordusu bu gün gələr, sabah gələr” qorxusu ilə  hər gününü, gecəsini səksəkə içərisində keçirən, bu səbəbdən də gözləri heyrətdən bərəlmiş həmcinslərini çox da intizarda qoymayaraq fikrinin mabədində təxminən belə söyləmişdi: “Çünki sizin azərbaycanlılar kimi qorxaq, döyüşmək qabiliyyəti olmayan qonşularınız var. Ona görə də bu torpaqlarda 100 illər boyu heç bir təhlükə hiss etmədən, xoşbəxt, şad-xürrəm yaşaya bilərsiniz.”  Bunun ardınca 2019-cu il avqustun 6-da işğal altındakı Qarabağa daha bir qanunsuz səfəri zamanı “Dəvə xəlvət,  tülkü bəy” prinsipinə uyğun hansısa bir keşiş dığanın “öndərliyi” ilə separatçıların əhatəsində Xankəndidən piyada  Şuşaya qalxan başsız baş nazirin  Cıdır düzündə gillətdiyi İrəvan konyakının təsiri alında olmayan başını itirib özü kimi “demokrat” ətrafı ilə birlikdə yallı getdikdən sonra “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatını səsləndirməsi də  hər kəsin xatirindədir.

Düşünmək olardı ki, Nikol  Paşinyan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 2019-cu il oktyabrın 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı  qətiyyətli  “Qarabağ Azərbaycandır və nida işarəsi”  vədini  uğurla reallaşdırması nəticəsində sonralar ona və bütün  haylara baha başa gələn bu sərsəm bəyanatı  İrəvan konyakının təsirindən olmayan beyninin dumanlanması səbəbindən səsləndirib.  Amma... çifayda! O zamanlar yerlə-göylə əlləşən Paşinyanın bu hadisədən bir ay sonra Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını  yenidən təkrar etməsi göstərdi ki, haybaşı bu fikri təkcə erməni konyakının olmayan beynini dumanlaşdırması nəticəsində soyləməyib. Hətta sözügedən mətbuat konfransında onun bir az da irəli gedərək “Azərbaycan danışıqlar prosesini ərazi bütövlüyü çərçivəsində aparmaq istəyir. Əgər Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu iddia edirsə, bu tələbində qətidirsə, onda Ermənistan da Qarabağın Ermənistan olduğunu deməlidir və nöqtə qoymalıdır" sayıqlaması bir daha sübut etdi ki, donuz öz xoşuna darıdan çıxası deyil. Bu kimi faktları istənilən sayda sadalamaq olar. Bax, 2020-ci ilin 27 sentyabrına qədərki Paşinyanın görünən  sifəti bu idi. Amma, ancaq və lakin... 

Sentyabrın 27-dən  həmin ilin 10 noyabrına kimi Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu haybaşının təpəsinə  ardıcıl endirdiyi öldürücü  “Dəmir yumruq”un zərbəsindən mənən və ruhən ölən Nikol artıq 4 ildir ki, bəzi ikibaşlı sərsəmləmələri istisna olmaqla aldığı sağalmaz travmadan, yəni başı əhlət daşına dəydikdən sonra biz deyəni deyir.  Başqa sözlə, bu müddətdə onun biri-birini təkzib edən  bütün bəyanatları, açıqlamaları etiraf, daha dəqiq desək, özünün və bütün hayların ifşası üzərində qurulub. Məsələn, “Dəmir yumruq”un öldürücü zərbəsindən hələ də özünə gəlməyən haybaşı indi Prezident İlham Əliyevin artıq bütün dünyada  çağdaş Azərbaycanın təqdimat simvoluna çevrilən məşhur “Qarabağ Azərbaycandır!” bəyanatını təkrarlamaq zorunda qalıb. Hətta üzünü 27 sentyabrdan  bugünədək  dinclik tapa bilməyən revanşistlərə tutub qorxub-çəkinmədən “Şuşi yox, Şuşa! Çünki Şuşa tarixi Azərbaycan şəhəridir. Münaqişə başlayana qədər bu şəhərin əhalisinin  95 faizi azərbaycanlılardan ibarət olub” və yaxud “Nə Sanasar, Sanasar salmısınız?  Əgər Qubadlı yox, Sanasar olsaydı ötən illərdə orada bir daşı-daş üstünə qoyardınız”,  “Ermənistanın Dağlıq Qarabağ adlı problemi yoxdur”,  “Biz Azərbaycanın Dağlıq Qarabağ da daxil ərazi bütövlüyünü tanıyırıq”...etiraflarında bulunan da Nikoldur. Bax, belə. Bu məqamda Azərbaycanın  məşhur “Adın  nədir? Daşdəmir, yumşalısan, yumşalı” atalar məsəlini xatırlamamaq olmur.

Əlqərəz...Keçək əsas mətləbə. Nikol Paşinyan bu günlərdə daha bir səs-küylü etirafda bulunub.  Hayastanın başsız baş naziri  sələfləri kimi   qonşu ölkələrlə davam edən münaqişəni əbədiləşdirərək milləti aldatdığını etiraf edib  və buna görə erməni xalqından açıq şəkildə üzr istəyib. Paşinyan özünün “Facebook” hesabında paylaşdığı   yazısında ərazi fəthinə yönəlmiş əvvəlki siyasət ilə "əsl Ermənistan" baxışı arasında fərqi ortaya qoyub. Onun sözlərinə görə, "əsl Ermənistan" 2020-ci ildə Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətindən sonra başlayıb.

Daha sonra "xalqımız əsl Ermənistanın xeyrinə öz seçimini çoxdan edib" yazan  Paşinyan izah edib ki, ölkənin gələcəyi onun vətəndaşlarının rifahını beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində təmin etməkdən ibarət olmalıdır, geniş ərazisi olan "Tarixi Ermənistan" idealına can atmaqdan ibarət olmamalıdır. Bir qayda olaraq qəribə və qeyri-adekvat fikirləri ilə özünün ətrafında gündəm yaratmağa çalışan başsız baş nazir etiraf edib ki, keçmiş liderlər əhalini münaqişənin "tarixi tsikli"nə sürükləyiblər. Haybaşı bunun davam etdirilməsindəki roluna görə özünün də  məsuliyyət daşıdığını bildirib: "Müxtəlif dövrlərdə hökmranlıq edən bizlər xalqı  dinləmədik. Mahiyyətcə xalqımızı "tarixi tsikl"də yaşamağa məcbur etdik.  Məhz bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən öz tərəfimdən üzr istəyirəm."

Bax, belə yerdə deyiblər ki, dəlidən doğru xəbər. Bəli, bu etirafı haradasa doğru xəbər hesab etmək olar. Amma bu “doğru xəbər”in  bir balaca əmması var. Əmma da ondan ibarətdir ki, Paşinyan bu üzrxahlıq etirafını əsrlər boyu onun-bunun əlində alət olan, qonşu xalqları, xüsusilə patoloji nifrət bəslədikləri azərbaycanlıları və türkləri saysız-hesabsız soyqırımlarına və digər qanlı faciələrə məruz qoyan erməni xalqına  deyil, bu sərsəm ideologiyadan əziyyət çəkən Azərbaycan və türk xalqlarına ünvanlasaydı  tarixi həqiqəti tam dolğunluğu ilə əks etdirmiş olardı. Amma unutmayaq ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var. Paşinyanın sözügedən  “Facebook” paylaşımını diqqətlə oxuduqda bu üzrxahlığın  dolayısı ilə haylardan daha çox tarix boyu erməni məkrinin, xislətinin qurbanı olan azərbaycanlılara və  türklərə ünvanlandığını sezməmək mümkün deyil. O ki qaldı Nikolun ünvanı lap dəqiq göstərib  erməni məkrinin qurbanları olan xalqlardan açıq şəkildə üzr istəməsinə, haybaşının davranışlarını mütəmadi izləyən bir Azərbaycan vətəndaşı kimi yaxın gələcəkdə onun bu addımının da şahidi olacağımıza tam əminəm. İnşallah, yaşayarıq, onu da görərik...