28 sentyabr 2024 18:54
96

Naxçıvan Dövlət Universiteti Kahramanmaraş Sütçü İmam və Pamukkale universitetləri ilə əməkdaşlığa başlayıb

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən VII Beynəlxalq Kənd Təsərrüfatı Konqresi çərçivəsində NDU ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam və Pamukkale universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.

“İki sahil” xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, bununla bağlı keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, mövcud fakültələri, kollecləri və Beynəlxalq məktəbi barədə məlumat verib. Qeyd edilib ki, ali təhsil ocağında beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili, qlobal elm və təhsil məkanına inteqrasiya sahəsində aparılan məqsədyönlü işlər müsbət bəhrələrini verməkdədir. Bildirilib ki, universitet xarici tələbələrin sayına görə Azərbaycan ali təhsil müəssisələri sırasında öncüllüyünü qoruyur. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyənin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.

Qonaqlar universitetləri haqqında məlumat verib, bundan sonra əməkdaşlığın qarşılıqlı elmi müstəvidə davam edəcəyinə əminliklərini söyləyiblər. Görüşdə birgə araşdırmalar, tədqiqat məsələləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra “Erasmus+” proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi üçün qarşılıqlı əməkdaşlıq məsələlərini özündə əks etdirən birgə əməkdaşlıq müqavilələri imzalanıb.

Qeyd edək ki, müqavilələrdə Pamukkale Universiteti ilə 30, Kahramanmaraş Sütçü İmam Universiteti ilə 24 sahə üzrə akademik heyət və tələbə mobilliyinin həyata keçirilməsi öz əksini tapıb.

Müqavilələr ilkin olaraq üç il müddətinə qüvvədə qalacaq.